RU
Gözlərimə diqqətlə baxan insanlar - ürəyimə toxunurlar…
09:19
582

Gözlərimə diqqətlə baxan insanlar - ürəyimə toxunurlar…

Cəmiyyətimizdə sağlamlıq imkanları məhdud olan çoxlu sayda insanlar var.

Maraqlısı odur ki, özünə sağlam deyən bəzi insanlar onlara bir az fərqli gözlə baxır. Belə insanları görəndə elə bil yadplanetliləri görürlər, təəccüblü baxışlarını onlara zilləyirlər. Özləri də hiss edirlər ki, belə edərkən onların anadangəlmə, yaxud sonradan hansısa qəza nəticəsində yaranmış qüsurunu onların yadlarına salırlar.

Şəhərimizə dünyanın hər yerindən çoxlu turistlər gəlir. Hərdən əlil arabasında olan turistlərlə rastlaşıram. Ancaq şəhərimizin əlil arabasında olan sakinləri ilə çox nadir halda qarşılaşıram. Çünki onları şəhərə gəzməyə çıxarmırlar, sanki belə şəxslərin şəhərı çıxması ayıb sayılır.

Mənim də bir gözümdə anadangəlmə bir problem var. Diqqətlə baxanda hiss olunur. Şəhərdə mənə də təəccüblə baxanları görmüşəm. Uşaqlar olsa nə vardı ki! Hətta yaşlı insanlar da bəzən üzümə elə baxıblar, elə bil gözlənilməz bir şey görüblər. Bu yaxınlarda belə bir hadisə oldu. İşıq pulumuzu keçirəndə bir yaşlı qadın ona işıq pulunu ödəməkdə kömək etməyimi xahiş etdi. Dedi ki, eynək taxmayanda abunə kodunu yaxşı görmür. Mən ona kömək edib işıq pulunu ödədim. Mənə təşəkkür edərkən üzümə baxdı, çox güman ki, problemli gözümü gördü. Mənə sual verdi ki, nə yaxşı eynəksiz gözlərin görür? O qadına heç nə demədim, amma sözləri çox təsir etdi mənə. Yəqin ki, nə vaxtsa cəmiyyətimizdə belə hallar aradan qalxacaq. Yolda, avtobusda, metroda olanda gözlərimə diqqətlə baxan insanlar əslində ürəyimə toxunurlar. Onlar gözlərimə baxırlar, amma təəssüf ki, həyata - insanlara, köməksiz heyvanlara, quşlara olan baxışlarımı görmürlər. Əksinə, yalnız gözlərimə baxmaqla ürəyimi qırırlar...

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ