Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli "Ailə Biznesinə ASAN Dəstək” – "ABAD" publik hüquqi şəxsin yaradılmasının artıq 1 ili tamam olur. Ötən müddət ərzində qurumun dəstəyi ilə ölkədə 140 yeni sahibkarlıq subyekti yaranıb. Eləcə də, pilot layihə kimi Masallı və Balakəndə regional "ABAD" mərkəzləri fəaliyyətə başlayıb.
Sentyabrın 22-də "ABAD" tərəfindən bu mərkəzlərdən birinə - Balakən rayonuna media nümayəndələrinin səfəri təşkil edildi.
"ABAD" regional mərkəzləri ailə təsərrüfatlarına hansı dəstəyi verir?
Mediatur çərçivəsində jurnalistlər əvvəlcə "ABAD"-ın regional mərkəzinə baş çəkdilər. Burada "ABAD"-ın ailə bizneslərinə dəstəyi ilə yaxından tanış oldular. Mərkəzin fəaliyyəti haqqında media nümayəndələrinə geniş məlumat verən qrumun ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinli bildirdi ki, ailə təsərrüfatlarına hüquqi dəstəyin verilməsi, biznes planının hazırlanması kimi məsələlərdə regional mərkəzin rolu böyükdür: "Bu gün pilot layihə olaraq, regional mərkəzlər Masallı və Balakən rayonlarında fəaliyyət göstərən "ABAD" ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir. 1 saylı Masallı regional "ABAD" mərkəzi ilkin mərhələdə 6 ailəyə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim edib. Bu avadanlıqlardan 3-ü cem və mürəbbə, 1-i pendir, 2-si kolbasa məmulatlarının istehsalı üçün nəzərdə tutulub. Bundan başqa, "ABAD" cənub regionu üzrə arıçılıqla məşğul olan 3 ailəyə də dəstək göstərir. Tərəfimizdən ailə təsərrüfatlarına avadanlıqlardan istifadə, gigiyena və əməyin təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib. Masallı "ABAD"-çıları üçün "Sehirli meyvələr", "Bal kimi", "Nübar" mürəbbə, "Şərəfə" pendir, "Kəndli", "Bəh-bəh2 kolbasa brendləri yaradılıb".
"ABAD"-çıların məhsulları bu yoxlamalardan keçir
Məlum oldu ki, "ABAD" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, ikinci regional "ABAD" mərkəzi Balakən rayonunda fəaliyyətə başlayıb: "Avqustun 3-də açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi Balakən regional "ABAD" mərkəzi ilkin mərhələdə 12 ailəyə zəruri istehsal avadanlıqları təqdim edib. Təqdim olunan avadanlıqlardan 9-u cem və mürəbbə, 2-si pendir, 1-i isə kolbasa məmulatlarının istehsalı üçün nəzərdə tutulub. Balakənli "ABAD"-çılarımız üçün ailə brendləri yaradılıb, onlara zəruri qablaşdırma vasitələri təqdim olunub və ailə təsərrüfatlarının məhsullarının satışı təşkil olunub".
E.Şirinli onu da qeyd etdi ki, "ABAD" öz fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir. "ABAD"-çı ailələr tərəfindən istehsal olunmuş məhsullar qeyd olunan qurumların əməkdaşları tərəfindən yoxlanılır və hər bir məhsula müvafiq uyğunluq və gigiyena sertifikatları təqdim olunur.
Onun sözlərinə görə, "ABAD"-çı ailələrin hazırladığı məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələniblər: "ABAD"-çı ailələrin istehsal etdikləri məhsullar mərkəzdə fəaliyyət göstərən laboratoriyanın əməkdaşları tərəfindən yoxlanılır. Bundan əlavə, alıcılara təqdim olunan hər bir məhsulun üzərində bizim himayəmiz altında istehsal olunduğunu göstərən "ABAD" leybli yerləşdirilir. Bu, həm də həmin məhsulun yüksək keyfiyyətə malik olduğunun bir göstəricisidir. Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir".
Gələcəkdə daha 4 rayonda regional "ABAD" mərkəzləri fəaliyyətə başlayacaq
"ABAD"-ın ikinci prioritet istiqamətinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsidir", - deyən E.Şirinli əlavə etdi ki, əgər əvvəllər sənətkar ailələr hazırladıqları məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırdılarsa, bu gün "ABAD" sərgi-satış mərkəzləri vasitəsilə bu problem aradan qalxıb: "Əvvəllər bazara təqdim olunan suvenir məhsullarının üzərində Azərbaycan təsvirləri olsa da, onlar, əsasən, xarici ölkələrdə, o cümlədən Çində hazırlanırdı. Belə bir vəziyyətdə illərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan, gözəl əl işləri hazırlayan sənətkarlarımız öz məhsullarını reallaşdıra bilmirdilər. Yalnız Azərbaycan sənətkarlarının əl işlərinin satışa çıxarıldığı bir mərkəzə ehtiyac var idi. "İçərişəhər" Dövlət-Tarixi Memarlıq Qoruq İdarəsi ilə əməkdaşlıq çərçivəsində, martın 18-də "İçərişəhər"də "ABAD" sərgi-satış mərkəzi fəaliyyətə başladı. İlkin mərhələdə "İçərişəhər" sərgi-satış mərkəzində 63 sənətkar ailəsinin əl işləri satışa çıxarılsa da, qısa müddətdə "ABAD"-a müraciətlərin sayı sürətlə artdı. Nəticədə daha bir neçə müvafiq sərgi-satış mərkəzlərinin yaradılması haqqında qərar qəbul edildi. AZAL ilə əməkdaşlıq çərçivəsində iyunun 8-də Heydər Əliyev Beynəlxalq Hava Limanının "Duty Free" zonasında, avqustun 22-də isə Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Bakı Dəmiryolu Vağzalında sərgi-satış mərkəzləri istifadəyə verildi. Bu gün qeyd olunan sərgi-satış mərkəzləri vasitəsilə 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə və bal) təqdim olunur. Gələcəkdə daha 4 rayonda regional "ABAD" mərkəzlərinin fəaliyyətə başlaması, həmçinin sərgi-satış mərkəzlərinin turistlərin çox səfər etdiyi regionlarda, müxtəlif 5 ulduzlu hotellərdə də açılması nəzərə tutulur. MDB, ərəb ölkələri, Avropa İttifaqından gələn turistlərin təqdim olunan məhsullara marağı böyükdür".
E.Şirinlinin sözlərinə görə, "ABAD" pilot layihə olaraq, Balakən və Masallıda fəaliyyət göstərsə də, dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində bütün ölkə üzrə müraciətlər qəbul olunur. Bu zaman sənətkar ailəsinin təqdim etdiyi əl işləri dəyərləndirilir: "Əmtəə görünüşü olan məhsullar "ABAD" mağazalarında satışa çıxarılır. Bəzi hallarda sənətkar ailələrinin hazırladığı milli suvenirlər tələblərə cavab vermir, bu zaman "ABAD"-ın mütəxəssisləri onlara təlim keçir, işlərinin daha keyfiyyətli və zövqlü hazırlanması üçün zəruri dəstək göstərirlər. Beləliklə, "ABAD" ilə əməkdaşlıq edən ailə təkcə gəlirlərini deyil, həm də bilik və bacarıqlarını artırmış olurlar.
Satışdan əldə olunan vəsait necə bölüşdürülür?
Beləliklə, görülən tədbirlər nəticəsində regionlarda yaşayan sənətkarlar öz məhsullarını paytaxt Bakıda satışa çıxarmaq, daha çox gəlir qazanmaq imkanı əldə edirlər. "ABAD"-çıların maliyyə-mühasibat işləri, vergi məsələlərinin tənzimlənməsi "ABAD" tərəfindən həyata keçirilir. Satışdan əldə olunan vəsait hər bir "ABAD"-çının bank hesabına köçürülür.
Hazırda "ABAD" tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları "Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. "Balməkan", "Dənə-dənə" , "Yay səbəti" , "Bağımızın bəhrəsi", "Budaqdan", "Bal kimi", "Meyvə bağı" mürəbbə brendləri "Gənclik Mall" ticarət mərkəzində yerləşən "Bravo" supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş "Tahir 97" mağazası) fəaliyyət göstərən "Bravo ekspress"dən əldə etmək mümkündür.
O, məhsulların satışı üçün gələcəkdə "ABAD" tərəfindən satış mərkəzinin yaradılacağını isitisna etmədi.
"ABAD"-çı ailələrin istehsal prosesi haqqında təsüratları
Təqdimatdan sonra media mənsubları "ABAD"-ın cem və mürəbbə məhsullarının istehsalı üzrə dəstək göstərdiyi İbrahimovlar ailəsinə baş çəkdilər. Ailənin üzvü Zöhrə İbrahimova artıq 35 ildən çoxdur ki, müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə və cem hazırladığını söylədi: "Həyətyanı sahələrdən topladığımız moruq, böyürtkən, tut meyvələrindən hazırlanan bu məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənir. Gənc yaşlarımdan daim mətbəxə maraq göstərmişəm və anamın reseptlərinə əsasən, mürəbbələrin sirlərini öyrənmişəm. Məsələn, mənim hazırladığım moruq mürəbbəsi digər şəxslərin hazırladıqlarından fərqlənir. Mürəbbənin dad fərqliliyi ilə yanaşı, içindəki meyvələr əzilmir, diri qalır".
Z.İbrahimova qeyd etdi ki, ailə bizneslərini daha da inkişaf etdirmək, hazırladıqları məhsulları təkcə yaşadıqları Balakəndə deyil, bütün ölkə miqyasında satışa çıxarmaq məqsədilə "ABAD"-a müraciət ediblər. "ABAD" tərəfindən istehsal potensialı, təsərrüfat imkanları dəyərləndirilən ailənin müraciətinə müsbət cavab verilib və onlara monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Eləcə də, "ABAD" əməkdaşları İbrahimovlar ailəsi üçün "Bağımızın bəhrəsi" brendini yaradıblar.
Kolbasa istehsalı ilə məşğul olan "ABAD" layihəsinin üzvü Şəmsi Şabanova isə artıq 5 ildir ki, Sarıqbulaq, Qazbinə kəndlərinin səfalı ərazilərində ətlik məqsədilə ümumilikdə 400-dən artıq iribuynuzlu heyvan saxladığını söylədi: "Əvvəllər yalnız ət satışı ilə məşğul olurdum. Lakin ABAD layihəsinə qoşularaq, artıq təmiz, dadlı ət məhsulları da hazırlayıram".
Şəmsi xanım özünün bu sahədəki geniş təcrübəsi və ekoloji təmiz xammaldan istifadə edərək, dadlı və keyfiyyətli "Bizim nemət" kolbasası brendini yaradaraq, regionlarda, həmçinin Bakının bir çox iri supermarketlərində satışa çıxaracağını dedi.








