RU
Hücum edən vəhşi heyvanı vuranlar cərimələnir? - AÇIQLAMA
15:13
489

Hücum edən vəhşi heyvanı vuranlar cərimələnir? - AÇIQLAMA

Son günlər Azərbaycanda canavarların insanlara hücumu barədə xəbərlər yayılır. Bəs, canavar hücumu zamanı insanlar onları öldürə bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova 7News.Az-a açıqlamasında bildirib ki, Azərbaycan 1999-cu ildən Avropada "Vəhşi təbiətin qorunması” Beynəlxalq Konvensiyasının üzvüdür:

"Həmin Konvensiyaya əsasən, Azərbaycanda canavarların ovlanması qəti şəkildə qadağandır. Əgər onlar ovlansa, bu qanun pozuntusu hesab edilir. vəhşi heyvanlar insanlara hücum edərsə, bununla bağlı ərazi üzrə ekologiya idarələrinə müraciət etməlidirlər.

Daha sonra regional ekologiya idarələri tərəfindən dərhal xüsusi qrup yaradılır. Qrupa bələdiyyə, icra nümayəndəliyi, baytarlığın nümayəndəsi, peşəkar ovçular daxil edilir. Qrup şikayət edilən ərazilərdə reydlər keçirir.

Bu, o demək deyil ki, həmin qrupun üzvləri vəhşi heyvanları öldürə bilər. Onlar günün müxtəlif saatlarında reydlər keçirərək canavarları və digər vəhşi heyvanları müxtəlif üsullarla ərazidən uzaqlaşdırır”.

İradə İbrahimova qeyd edib ki, canavarları təqib edib, vurmaq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir:

"Bu qanunun istisnası da var. Belə ki, canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, özünümüdafiə tədbiri kimi həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir.

Canavarı təqib edib, vuranda ekoloji qanun pozuntusu hesab olunur və həmin şəxsə qanun pozuntusu şamil edilir”.

Nazirlik rəsmisi qeyd edib ki, ovçuluğa dair qanunvericiliyə əsasən, çaqqalı ovçuluq bileti olan şəxslər Regional ekologiya idarələrindən ova icazə bileti almaqla il boyu ovlaya bilərlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ