RU
lombard
İlham Əliyev su ilə bağlı yeni sədrin qarşısında tapşırıqlar qoydu
14:28
184

İlham Əliyev su ilə bağlı yeni sədrin qarşısında tapşırıqlar qoydu

Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən onun qarşısında yeni vəzifələr qoyub.

İlham Əliyev deyib: "Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik”.

Dövlət başçısı bildirib ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir.

 

"Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”.

Ölkə rəhbəri qeyd edib ki, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir.

"Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq.

Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ