RU
Jurnalistlərə prezident təqaüdü veriləcək? - Əflatun Amaşovdan mətbuatı maraqlandıran SUALLARA CAVAB
15:30
446

Jurnalistlərə prezident təqaüdü veriləcək? - Əflatun Amaşovdan mətbuatı maraqlandıran SUALLARA CAVAB

Azərbaycanda 56 mindən artıq şəxs Prezident Təqaüdü ilə təmin olunub. Lakin bu siyahıda nədənsə jurnalistlərin adı yoxdur. 

Jurnalistlərə də Prezident Təqaüdü verilə bilərmi? Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Cebhe.info-ya açıqlamasından belə qənaətə gəlmək olar ki, bu məsələ hazırda müzakirə predmeti deyil. Qələm sahibləri əsasən əməkdar jurnalist fəxri adı ilə təltif olunur: "Jurnalistlər üçün münasib ad budur. Uzun müddət fəaliyyət göstərən, peşəkar, yaşlı jurnalistlərə Prezident Təqaüdü verilir. Bu gün Azərbaycan jurnalistikasında az da olsa bu təqaüdə layiq görülən kadrlar var. Onların da sayı təxminən 5 olar. Əməkdar jurnalistlərin sayı isə nə qədərdir, bunu bilmirəm. Jurnalistikada çox böyük, səmərəli xidmətləri olan şəxslərə Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq əməkdar jurnalist adı verilir”. 

Bəlkə də, Azərbaycan jurnalistikasında müəyyən mənada boşluq var ki, jurnalistlərə prezident təqaüdü verilmir. Lakin Ə.Amaşov bu fikirlə razı deyil: "Xeyr. Ayrı-ayrı sahələrdə də prezident təqaüdi alanların sayı azdır”. Əməkdar junalist adı da artıq bir neçə ildir ki, verilmir: "Azərbaycanda belə bir ənənə formalaşıb ki, bu adlar adətən jurnalistlərin bayram günündə, 22 iyulda verilir. 5 ildən bir, Milli Mətbuatın yubley illərində prezidentin müvafiq sərəncamı olur. Bəzi məqamlarda həmin jurnalistlər ayrı-ayrı yerlərdə çalışaraq öz missiyasını yerinə yetirirlərsə, onlar da əməkdar jurnalist adına layiq görülə bilər”. 

Qeyd edək ki, bu vaxtadək 116 jurnalistə əməkdar jurnalist adı verilib. Milli Mətbuat gününə 2 aydan da artıq zaman qalır. 

Bu arada isə jurnalistləri daha çox maraqlandıran suallardan biri onlar üçün tikilən binanın nə zaman təhvil veriləcəyidir: "Binanın bölünməsi haqda hələlik məlumat yoxdur. Bina hazır olduqdan sonra bölünməsi üçün müvafiq şərtlər hazırlanacaq. Binanın mətbuat gününədək təhvil verilib- verilməyəcəyi haqda hələlik heç nə deyə bilmirəm. Öncəki ildə 156 mənzilli bina təhvil verilib. Bu dəfə isə 256 mənzilli bina təhvil veriləcək”. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı 56 539 nəfər təşkil edir. Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya Müharibəsi iştirakçısına prezidentin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə prezidentin fərdi təqaüdü verilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ