"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən "Həyat bir nərdivandır” adlı Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş keçirilib.
Görüşdə şair Nəriman Həsənzadə ilə yanaşı, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Əməkdar Mədəniyyət İşçisi Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, şairin dostları, gənclər, ədəbiyyatsevərlər və mətbuat nümayəndələri iştirak ediblər.
İlk olaraq xalq şairi Nəriman Həsənzadənin yaradıcılığına həsr olunan video rolik nümyiş edilib.
Sonra çıxış edənlər xalq şairinin yaradıcılığından geniş bəhs ediblər. Onlar, xalq şairinin müxtəlif dövrlərdə yazdığı şeirlərə, əsər və poemalara toxunublar. Nəriman Həsənzadə kimliyinin Azərbaycan ədəbiyyatı üçün əvəzolunmaz olduğunu bildiriblər. Hal-hazırda sevilən bir çox mahnının onun şeirlərinə bəstələndiyini və əsərlərinin dünya oxucuları tərəfindən böyük rəğbətlə qarşılandığını nəzərə çatdırıblar.
Daha sonra çıxış edən Nəriman Həsənzadə
gənclərlə görüşməkdən böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb və bu
cür görüşün təşkil olunmasına görə "Loqos" Psixoloji və Nitq
İnkişaf Mərkəzi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinə minnətdarlığını bildirib.
Nəriman Həsənzadə geniş yaradıcılığından danışaraq şeirlərinin və əsərlərinin
yaranma tarixçəsindən bəhs edib. O, söhbət zamanı gənclərin xahişi ilə müxtəlif
şeirlərini səsləndirib. Yüksək anşlaqla keçən görüşdə gənclər xalq şairi
Nəriman Həsənzadəyə həyatına və yaradıcılığına dair müxtəlif suallar ünvanlayıb,
şairin şeirlərini səsləndiriblər.










