lombard

Məhkəmə nazirliyin rüşvət alan vəzifəli şəxslərini AZADLIĞA BURAXDI — ÖZƏL

Məhkəmə nazirliyin rüşvət alan vəzifəli şəxslərini AZADLIĞA BURAXDI — ÖZƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun müdiri Vidadi Eyvazov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunda sahə məsləhətçisi vəzifəsində işləmiş Elnur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

7news.az demokrat.az-a istinadən xəbər veriri ki, Elnur Quliyev və Vidadi Eyvazov Sumqayıt şəhərində bir qrup şəxsin adına sosial müavinət ayırıb, həmin vəsaitləri mənimsəyiblər.


Hər iki şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.


İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Eyvazovun əməli sübuta yetirilməyib. Ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.


Hökmə əsasən, digər təqsirləndirilən Elnur Quliyevin əməli Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Məhkəmənin hökmü ilə Elnur Quliyevə 3 il cəza təyin olunub.


Hökmdən narazı qalan prokuror apelyasiya şikayəti verib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.


Təqsirləndirilən Elnur Quliyev isə apelyasiya şikayəti verərək, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.


Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.


Məhkəmə Elnur Quliyevin şikayətini təmin edib. Ona 1 il şərti cəza verilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb. Hökm qalan hissədə dəyişdirilməyib, prokurorun şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, təqsirləndirilən şəxslərin barəsində ağırlaşdırıcı halların müəyyən olunması üçün işi apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.


Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, prokurorun kasasiya protesti təmin olunmayıb.

Xəbər lenti