RU
Məktəbləri polis qoruyacaq - Qərar VERİLDİ
14:20
29

Məktəbləri polis qoruyacaq - Qərar VERİLDİ

Turkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində baş verən məktəb hücumlarından sonra ölkə üzrə bütün təhsil müəssisələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.

7News.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraş və Şanlıurfa şəhərlərindəki hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə məktəblərin ətrafında polis nəzarəti artırılıb.

Görülən tədbirlər çərçivəsində ölkə üzrə bütün məktəblərin qarşısında ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub. Təhsil saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyini təmin etmək üçün, zərurət yarandıqda, əlavə qüvvələrin də cəlb ediləcəyi bildirilib.

Bundan başqa, ölkənin daxili işlər naziri Mustafa Çiftçi və milli təhsil naziri Yusuf Tekin görüş keçirərək məktəblərdə və ətrafında görüləcək təhlükəsizlik tədbirlərini müzakirə ediblər.

Məlumata görə, məktəblərin daxili və xarici təhlükəsizliyi, ziyarətçi siyasəti yenidən nəzərdən keçiriləcək.

İclasda təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəaliyyət planının hazırlanması qərara alınıb. Yeni strategiyaya əsasən, ölkənin bütün vilayətləri üzrə risk qiymətləndirmələri yenilənəcək və hər bölgənin ehtiyacına uyğun xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunacaq.

Təhlükəsizlik strategiyasının ən mühüm bəndlərindən biri erkən müdaxilə mexanizmlərinin qurulmasıdır. Bu çərçivədə məktəb rəhbərliyi, psixoloji məsləhət xidmətləri, müəllimlər və ailələr hüquq-mühafizə orqanları ilə sıx təmasda fəaliyyət göstərəcəklər. Beləliklə, yarana biləcək hər hansı riskli vəziyyətin ilkin mərhələdə müəyyən edilməsi və çevik reaksiya verilməsi təmin ediləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ