RU
Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabının müzakirəsi
23:44
911

Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabının müzakirəsi

Mingəçevir Dövlət Universitetində Kərim Əliyevin tərcüməsi və "Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevin redaktəsi ilə elektron qaydada hazırlanan "Data Jurnalistika” kitabının müzakirəsi keçirilib. 
İlk olaraq Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov tədbir iştirakçılarına universitetin rektoru Akif Hacıyevin salamlarını yetirdi və layihə olaraq "Data Jurnalistika” kitabının ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Veysəl Əyyubov kitabın gənclərin və ondan istifadə edəcək oxucuların bilgi almasında böyük rol oynayacağını qeyd etdi. Bəs data jurnalistika nədir? Mən buna sadə bir cavab verərdim.: Bu məlumat üzərində həyata keçirilən bir jurnalistikadır. Lakin bu hər şeyi demir. V.Əyyubov qeyd etdi ki, kitabın müzakirəsinə keçməzdən əvvəl layihə rəhbəri Avropa Birliyinin Proqram Meneceri xanım Alexandra Nerisanu dinləyək.
Alexandra Nerisanu bildirdi ki, Avropa Birliyi müxtəlif layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Məhz bu layihənində maliyyələşdirilməsi ilə yanaşı onun informasiyalaşmasının genişliyinə şərait yaradırlar. Yəni onun təbliği daha vacib məsələdir. Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycan da geniş imkanlar yaratmışdır.   
Sonra "Data Jurnalistika” kitabının təqdimat mərasimində "Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Mingəçevir Valideynlər Assosiasiyasının rəhbəri Fərman Nəbiyev çıxış edib. Bildirib ki, layihə 2 təşkilatla bir yerdə hazırlanıb. Təqdimat 2016-cı ilin oktyabrından başlayaraq 6 regionda müzakirə olunmağa başlayıb.      
Fərman Nəbiyev qeyd edib ki, bu kitab Məlumat Jurnalistika ilə maraqlanan və bu sahədə çalışan hər bir kəs üçün faydalı bir mənbə olmaq məqsədini güdür. Bu kitabın yazılmasında bir çoxları öz töhfələrini vemişlər və redaksiyamız çalışmışdır ki, onların baxışları və fikirləri burada öz əksini tapsın. Biz ümid edirik ki, bu kitab Məlumat Jurnalistikasının nə olduğu, onun nə üçün əhəmiyyətli olduğu və necə həyata keçirilməsi barədə zəngin bir kitab olacaq. Təəssüf ki, bu kitabı oxumaq sizi mükəmməl bir məlumat jurnalisti olmaq üçün lazım olan bütün bilik və bacarıqlarla təmin etməyəcək. Yüzlərlə müxtəlif mövzuda suallara cavab vermək üçün yüzlərlə eksperti olan nəhəng bir kitabxana lazım olardı. Xoşbəxtlikdən belə bir kitabxana mövcuddur və bu kitabxana internetdir. 
Kitabın tərcümə redaktoru Fərman Nəbiyev qeyd edib ki, biz ümid edirik ki, bu kitab sizə işə necə başlamağa, irəli gedə bilmək üçün nəyə baxmaq lazım olduğuna kömək edəcəkdir. Misallar və təlimatlar yorucu olmaqdan daha çox illustrasiyalarla zəngindir. Biz bu qədər çox vaxtımız, enerjimiz və səbrimiz olduğuna və bu vaxtdan çox səmərəli istifadə etdiyimizə görə özümüzü çox xoşbəxt sayırıq. Ümid edirik ki, bu kitab müraciət edilməli bir faydalı mənbə olmaqla yanaşı, meydana gəlməkdə olan hərəkatın həyəcanı, görüntüsü və enerjisini sənədləşdirir. Bu kitab səhnələrin, hekayələrin arxasında nəyin baş verdiyini göstərməyə cəhd edir. 
Mingəçevir Media Mərkəzinin nümayəndəsi Ramin Cəbiyev layihə çərçivəsində Mingəçevir və Praqada keçirilən təlimlərdə əldə etdiyi bilgilər vasitəsilə verilənlər bazasından istifadə etməklə onun tərəfindən hazırlanan Üzeyir Hacıbəyovun həyat və fəaliyyətini əks etdirən elektron kataloq haqqında məlumat verdi. 
Müzakirədə çıxış edən Mingəçevir Dövlət Universitetinin "İqtisadiyyat” kafedrasının müdiri, i.f.d. Cəmilə Musayeva qeyd etdi ki, mahiyyət etibarı ilə təqdim olunan vəsaiti müasir mediada, jurnalistika sahəsində ilk cəhd kimi hesab etmək olar. Əslində biz müəllimlər də bu vəsaitdən tövsiyələnə bilərik. Çünki biz də informasiya bilgiləri alaraq təhsil alan tələbələrə onun aşılanmasında maraqlı tərəfik. Tədris prosesində müəllimlərimiz açıq məlumat portalından istifadə etməklə, mühazirələri əyani, innovativ təlim metodları ilə təşkil edirlər. Tələbələrin diqqətini üzücü mühazirələr ilə deyil, konkret bilgilər, informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cəlb edilməsi daha qənaətbəxş hesab olunur. Tədris prosesində kafedramızın müəllimləri proyektor vasitəsilə hazırladıqları iqtisadi materialları, statistik rəqəmləri, diaqramları, göstəriciləri tələbələrə bu yolla çatdırmağa çalışırlar.
"Riyaziyyat” kafedrasının baş müəllimi, tex.f.d. Möhübbət Əhmədov müzakirədə çıxış edərək bildirdi ki, "Data Jurnalistikası” adı altında vəsait kimi təqdim olunan bu kitab, sözün əsil mənasında informasiya kommunikasıya texnologiyasının jurnalistika sahəsinə tətbiqi başa düşülməlidir. Bu mənada sözü gedən vəsaitdə paylanmış verilənlər bazası, orada yerləşən verilənlər üzərində internet txnologiyalar istifadə olunmaqla nəzərdə tutulan nəticələrin əldə olunması, yadda saxlanması, təqdimatı və hər hansı bir ünvana ötürülməsindən söhbət gedir. 
Möhübbət Əhmədov qeyd etdi ki, bundan başqa təqdimatda göstərildiyi kimi infoqrafika, animasiyalar və müxtəlif şablonlar problemin sürətli həlli üçün köməklik göstərir. Belə düşünürəm ki, müasir informasiya texnologiyalarından məsələn, Data Mining, Big Data və s. bu kimi verilənlərin intelektual analizi metodlarından istifadə etməklə daha əhəmiyyətli nəticələr əldə etmək mümkündür. 
Möhübbət Əhmədov vurğuladı ki, müasir təhsildə bununla bağlı yeni standartlarda yəqin ki, bunlar nəzərə alınacaqdır. Mingəçevir Dövlət Universitetinin tələbələri Media Mərkəzi ilə əlaqəli müxtəlif layihələrdə aktiv iştirak edir. "Mitap” layihəsini və s. buna misal göstərmək olar.  Sözü gedən müzakirə ilə bağlı Media Mərkəzində müvafiq kurs treninqlər təşkil olunarsa, maraqlı olan müəllim və tələbələr bundan faydalana bilər.
 MDU-nun baş müəllimi, İnformasiya Kommunikasiya Mərkəzinin direktoru Elnur Xəlilov çıxış edərək bildirdi ki, bu kimi mütərrəqi üsulların orta məktəb səviyyəsində başlanması daha məqsədəuyğun hesab olunur. 
Müzakirədə çıxış edən BMT-nin Azərbaycandakı İnkişaf Proqramının nümayəndəsi Gülşən Rzayeva bildirdi ki, ölkəmizin ali təhsil məktəblərində informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə tədrisin necə təşkil edildiyi mənə məlumdur. Tələbələrə böyük həcmli mühazirələr yazdırmaqla onların inkişaf etdirilməsi mümkün deyil, cədvəllərdən, illyustrasiyalardan istifadə etməklə keyfiyyəti dəyişmək olar. Tələbələr yenilik axtarışındadır. Sözü gedən vəsaitdən istifadə edilməklə tədrisdə yeni inkişaf yolunu seçmək olar, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq mümkündür.     
Sonda çıxış edən prorektor Veysəl Əyyubov bildirdi ki, müasir Azərbaycan yerləşdiyi regionun qüdrətli və dünyanın ən islahatçı dövlətidir. Azərbaycan davamlı, yüksək templi innovativ inkişaf yolundadır. Dövlətin müasir səviyyəli, inkişaf etmiş ölkələr sırasına çatmaq üçün təhsil sisteminin yetişdirdiyi mütəxəssislərə böyük ehtiyacı vardır. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu istiqamətdəki siyasətini uğurla həyata keçirir. Davamlı sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycan təhsil sistemində ali məktəblər müasir dövrün tələblərinə uyğun yüksək səviyyəli ali kateqoriyalı mütəxəssis hazırlığı prosesində uğurla iştirak edirlər.
Veysəl Əyyubov təqdimatda iştirak edən qonaqlara və müəlliflərə təşəkkürünü bildirdi və gələcək fəaliyyətlərində uğurlar dilədi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ