RU
Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinlərini təbrik etdi
11:23
2787

Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinlərini təbrik etdi

7NEWS.az təbriki olduğu kimi təbrik edir:

Hörmətli mingəçevirlilər, şəhərimizdə müvəqqəti məskunlaşan məcburi köçkün soydaşlarımız, əziz dostlar!
Ölkəmiz yeni ilin astanasındadır. Bir neçə gündən sonra unudulmaz anlarla yadda qalan 2019-cu il tarixə qovuşacaq. Yola saldığımız il respublikamızın həyatında əlamətdar hadisələrlə zəngin olub. Hər şeydən əvvəl Azərbaycanın ev sahibliyi ilə həyata keçirilən möhtəşəm beynəlxalq tədbirlər tarixin yaddaşında əbədi həkk olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının VIII Bakı Sammiti və s. deyilənləri əyani şəkildə sübut edir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatının VIII zirvə sammitində Azərbaycan 3 il müddətinə bu hərəkata sədrlik edəcək.

Bütün bunlar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın apardığı əməli fəaliyyətin nəticəsində mümkün olmuşdur. Məhz buna görədir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Bizə inanır və etibar edirlər. Regionun lider dövləti kimi bölgədə həyata keçirilən ən mötəbər tədbirlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Cənab prezidentin daxili və xarici siyasəti məhz ölkə vətən-daşlarının daha firavan, məmnunluq hissi ilə yaşamasına yönəldilib. Bu siyasət ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamıdır. Təbii ki, belə siyasətin müsbət nəticələri özünü göstərməkdədir. 

Bir anlıq 2019-cu ildə ölkədə sosial-iqtisadi inkişafın yüksəlməsi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlərə nəzər salaq: Bakı və Sumqayıtda, ölkəmizin digər bölgələrində yeni sənaye parklarının, məhəllələrin yaradılıb istismara verilməsi, ölkənin ərzaq məhsulları ilə fasiləsiz təminatı naminə kənd təsərrüfatında inqilabi dəyişikliklərin həyata keçirilməsi, əhaliyə göstərilən səhiyyə xidmətlərinin yeni tələblər səviyyəsində qurulması, icbari tibbi sığortaya keçidin təşkili, təhsilin inkişafında yeni metodların tətbiqi, müəllimlərə verilən imtiyazların və aylıq əmək haqlarının artırılması, pensiyaçıların, sosial müavinət alanların, eləcə də digər kateqoriyalardan olan aztəminatlı ailələrin məvaciblərinin artırılması yaddaqalan hadisələrdəndir. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, məcburi köçkünlərə mən- zillərin, minik avtomobillərinin verilməsi, onlara mütəmadi yardımların göstərilməsi, sağlamlıqlarının bərpa olunması məqsədilə əlavə imtiyazların verilməsi, qayğı göstərilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.
İl ərzində ölkədə minimum əmək haqqının iki dəfə yüksək səviyyədə artırılması aparılan sosial islahatların uğurlu nəticəsidir. Azərbaycanın iqtisadi qüdrəti artdıqca onun sosial yönümlü tədbirlərinin sayı da artır.
Bu gün Azərbaycanda elə şəhər, rayon, kənd, qəsəbə tapmaq olmaz ki, orada abadlıq-quruculuq işləri aparılmasın. 

71 illiyini bu yaxınlarda qeyd etdiyimiz doğma şəhərimiz buna əyani nümunədir. Cənab prezidentimizin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə park və xiyabanlar, prospekt və küçələr, məhəllə və meydanlar, yaşayış massivləri, çoxmənzilli binalar və fərdi yaşayış evlərinin əraziləri yenidən qurulur, səliqəyə salınaraq müasir görkəm alır, əsaslı və cari təmirdən çıxarılır. 

İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərdiyim bu bir il ərzində əhali ilə keçirilən səyyar görüşlər bizə bu tədbirləri həyata keçirməyə imkan verib. Şəhər sakinləri tərəfindən qaldırılan məsələlər, təklif və iradlar nəticəsində bir sıra yeniliklərə imza atılıb. "Dostluq” parkında uzun illər diqqətdən kənarda qalmış 1,4 hektar ərazinin abadlaşdırılması, burada Dövlət Rəmzləri Muzeyinin, 200 yerlik örtülü səhnənin tikilməsi, uşaqların və yeniyetmələrin istifadəsi üçün mini-futbol meydançasının hazırlanması, eləcə də söhbətgahların, idman qurğularının, digər əyləncə vasitələrinin quraşdırılması, yaşıllıqların salınması böyük razılıq hissi ilə qarşılanmışdır. 

Şəhərin Xaldan şossesi tərəfdən giriş hissəsində 2,4 hektar ərazidə seyrəngahın yaradılması mingəçevirlilər üçün gözəl istirahət məskəni olacaqdır. Şəhərdə nümunəvi məhəllələrin təşkilinə də diqqət artırılıb. Onların sayı 20-dən çoxdur. İstədiyimiz budur ki, hər bir məhəllə nümunəvi olsun. İnsanlar yaşadıqları yerdə məmnunluq hissi duysun. Bunun üçün bütün imkanlardan maksimum istifadə edirik. Təbii ki, birdən-birə şəhərin bütün məhəllə və yaşayış massivlərini nümunəvi hala gətirmək mümkün deyil. Lakin buna baxmayaraq hər bir sahədə işi gücləndirməyə çalışırıq. Qarşımızda mühüm vəzifələr durur. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni-yeni layihələrin həyata keçirilməsinə çalışırıq.
 
Şəhərdə işsizliyin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsinə, sahibkarlarla əlaqələrin daha da genişlənməsinə diqqəti artırırıq.

Qədəm qoyduğumuz 2020-ci il daha mürəkkəb islahatların həyata keçirilməsi ili kimi diqqəti cəlb edir. Bu istiqamətdə işlərimizi gücləndirir, ölkə rəhbəri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışırıq. Bunların əsasını insan amili, ona göstərilən diqqət və qayğı, vətəndaş məmnunluğu təşkil edir. Bu yolda bütün səy və bacarığımızı əsirgəməyəcəyik.

Əziz mingəçevirlilər, əziz məcburi köçkün bacı və qardaşlar, sizlərin hər birini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir, xoşbəxt həyat, səadət və ən əsası möhkəm cansağlığı arzulayıram. Qədəm qoyduğumuz 2020-ci il hər birimiz üçün düşərli olsun!

İlham İsmayılov
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ