RU
Miqrantlar Rusiyadan 45 maddə üzrə çıxarılacaq
18:00
27

Miqrantlar Rusiyadan 45 maddə üzrə çıxarılacaq

Əcnəbi vətəndaşların ölkə ərazisindən deportasiya edilməsinə səbəb olan qanun pozuntularının sayı iki dəfədən çox genişləndirilərək Rusiya İnzibati Xətalar Məcəlləsinin 45 maddəsini əhatə edib. Dövlət Duması bununla bağlı qanun layihəsini ötən həftə təsdiqləyib.

7News.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə parlament palatasının sədri Vyaçeslav Volodin bildirib.

Siyasətçi qeyd edib ki, bundan əvvəl deportasiya cəzası məcəllənin yalnız 22 maddəsi üzrə tətbiq olunurdu. Hazırda bu sərt tədbir qeyri-qanuni narkotik dövriyyəsi, pedofiliya, qeyri-ənənəvi cinsi əlaqələrin və cins dəyişdirmənin təbliği, eləcə də dövlət sərhədi rejimi və miqrasiya qaydalarının pozulması hallarında da icra ediləcək.

Vyaçeslav Volodin özünün "Maks" kanalında yazıb:

"Ötən həftə qəbul etdiyimiz qanunla miqrantların ölkədən çıxarılmasına əsas verən İnzibati Xətalar Məcəlləsinin maddələr siyahısı iki dəfədən çox artırılıb. Bundan sonra əcnəbilər polisə və ya sərhəd xidmətini həyata keçirən hərbçiyə tabe olmamaq, internet şəbəkəsində ictimai əxlaqı və insan ləyaqətini alçaldan məlumatlar yaymaq, ictimai asayişi pozmaq kimi hallara görə deportasiya olunacaqlar. Həmçinin Rusiya Silahlı Qüvvələrini gözdən salan açıq hərəkətlər, dövlətə, vətəndaşlara və müəssisələrə qarşı iqtisadi-siyasi sanksiyaların tətbiqinə çağırışlar etmək və ayrı-seçkilik salmaq da daxil olmaqla, ümumilikdə 45 maddənin pozulması miqrantların ölkədən qovulması ilə nəticələnəcək".

Parlament palatasının rəhbəri əlavə edib ki, 2024-cü ilin əvvəlindən etibarən Dövlət Duması tərəfindən miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı 32 federal qanun qəbul edilib.

"Yenidən qeyd etmək istəyirəm ki, Rusiya ərazisinə gələn hər kəs qanunlarımıza tabe olmalı, rus dilini bilməli, mədəniyyətimizə və adət-ənənələrimizə hörmət etməlidir. Rusiya Federasiyasının vətəndaşı olmaq istəyənlər isə onu qorumaq öhdəliyini öz üzərinə götürməlidirlər", - deyə o vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ