Azərbaycanda son illərdə yeni doğulmuşlar arasında ölüm halları artıb. Bu il ərzində 10-a yaxın körpə doğuş zamanı ölüb. Faktların əksəriyyəti rayonlarda - Bərdə, Sabirabad, İmişli, Zaqatala və digər yerdə qeydə alınıb.
Əksəriyyət, əsasən bu ölümləri həkim səhlənkarlığı ilə əlaqələndirir. Həkimlər isə valideynlərin özlərini günahkar hesab edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, uşaq ölümlərini təkcə həkimin səhlənkarlığı kimi qiymətləndirmək düzgün deyil:
"Doğuşdan əvvəl - ana bətnində və doğuşdan sonrakı uşaq ölümləri fərqləndirilməlidir. Burada müxtəlif səbəblər var. Perinatal dövrdə (perinatal dövr dölün bətndaxili həyatının 22-ci tam həftəsindən (154-cü gündən) başlayır və doğuşdan 7 gün keçdikdən sonra qurtarır) uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra faciə ilə nəticələnir.
Təəssüf ki, bu işdə pasiyentlərin günahı az deyil. Bəzi insanlar vaxtında həkimə müraciət etmirlər və hamiləliyin son dövründə həkim axtarırlar”.
A.Qeybullanın sözlərinə görə, bununla bağlı səhiyyə sahəsində bir sistem qurulmalıdır:
"Hamilə qadınların monitorinqi aparılmalı, hamiləliyin gedişi protokollarla qeydə alınmalıdır ki, problem vaxtında aşkar edilsin. Hamiləlikdən əvvəl orqanızmin buna hazır olub-olmaması məlum olmalıdır. Çünki bəzi orqanizmlərin hamilə qalması müəyyən risklər yaradır”.
Dövlət Statistika Komitəsinin hesabatına nəzər saldıqda məlum olur ki, 1 yaşadək uşaqlar arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm sayı 2000-ci ildə 1896 nəfər təşkil edib. 2005, 2007, 2008, 2009-cu illərdə bu rəqəm azalıb.
Lakin 2010-cu ildən sonra 1 yaşadək uşaqların perinatal dövrdə meydana çıxan hallardan ölməsi faktları artmağa başlayıb. 2010-cu ildə bu rəqəm 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə 2033, 2016-ci ildə 1666, 2017-ci ildə isə 1700 nəfər 1 yaşadək uşağın ölməsi qeydə alınıb. Ölənlər arasında oğlanlar üstünlük təşkil edir.
"Uşaqların xəstələnməsində immun sisteminin zəif olması, onkoloji xəstəliklərin artması və sair kimi amillər üstünlük təşkil edir. Eyni zamanda, ekoloji cəhət, qidalanma faktoru çox ciddi rol oynayır. İstər ana südündə, istərsə də uşaq yeməklərində immun sisteminin kifayət qədər formalaşması üçün lazım olan inqrediyentlər yoxdur.
Təəssüf ki, qida maddələrinin ölkəyə daxili olması müəyyən korporativ maraqlara xidmət edir. Bu iş həm də ictimai nəzarət altında olmalıdır. Lakin bu məsələlər öz həlini tapmayıb”, - deyə A.Qeybulla qeyd edib.
Pediatr Vaqif Qarayevin sözlərinə görə, yeni doğulan uşaqların ölməsinin müxtəlif səbəbləri var:
"Yeni doğulanların ölüm səbəbi kimi normal keçməyən hamiləlik, bətindaxili infeksiyalar, irsi genetik xəstəlikləri göstərmək olar. Bir yaşına kimi uşaqların xəstəliklərinin ağır keçməsinin səbəbi uşaq orqanizminin fizioloji xüsusiyyətlərindən asılıdır.
Onlarda daha çox tənəffüs, mədə-bağırsaq, mərkəzi sinir sisteminin xəstəliyi müşahidə olunur. Bu yaşda uşaqlarda müqavimət az olduğuna görə xəstəliyə və müxtəlif infeksiyalara daha çox meyilli olurlar”.
V. Qarayev qeyd edib ki, qadınlar hamiləlik dövründə mütləq vaxtaşırı həkim müayinəsindən keçməlidir:
"Hər hansı bir infeksiya aşkar olunubsa və əlacı varsa, müalicə olunmalıdır. Dölün inkişafında qüsur aşkar olunarsa, bu, ölümə səbəb olacaq qüsurdursa, valideynə məlumat verilməlidir.
Bundan başqa, bir yaşa kimi uşaqlarda mövsümi xəstəliklər var. Soyuq aylarda daha çox tənəffüs sistemi, yayda isə mədə-bağırsaq sistemi xəstəliklərinə rast gəlinir. Bu yaşda uşaqlarda özünümüalicə yolverilməzdir. Xəstəliyin qarşısı vaxtında alınmazsa, ölümlə nəticələnir”.
7News.Az








