Nazirlik: "25 nəfər əlilliyi olan şəxs Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib"

Nazirlik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.

Əlilliyi olan şəxslərin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov göndərilən insanların Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini bildirib. 

O, qeyd edib ki, həmin mərkəz bu gün təkcə bölgədə deyil, dünya miqyasında nüfuz qazanmış müalicə və reabilitasiya müəsissələrindən biridir. 

Mərkəzdə Türkiyənin Dənizli bölgəsinin zəngin təbii müalicəvi resurslarından istifadə olunmaqla peşəkar həkim-reabilitoloqlar tərəfindən hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə səmərəli bərpa-müalicə prosedurları həyata keçirilir.

N.Məmmədov əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işlərinin ildən-ilə gücləndiyini də diqqətə çatdırıb:

“Bunun təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 265 nəfərin (135 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın) xaricdə, yəni Türkiyədəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicəsi təşkil olunub ki, bu da əvvəlki ildə xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilənlərdən 64,6 faiz çoxdur”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev nazirlik  tərəfindən əlilliyi olan şəxslərin ölkə daxilində bərpa-müalicəsi yönündə də işlərin davam etdirildiyini diqqətə çatdırıb. 

S.Abdullayev qeyd edib ki, təkcə bu ilin ilk rübündə nazirliyin əlillərin bərpa mərkəzlərində 1700 nəfər əlilliyi olan şəxs bərpa-müalicə xidməti ilə təmin edilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 3 min 120 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib, onlara 7 min 297 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 553 ədəd əlil arabası verilib.

Həmin dövrdə sosial cəhətdən həssas qruplara aid 598 nəfər nazirlik tərəfindən  sanator-kurort putyovkası (yollayışı) ilə təmin olunub, 15 nəfər əlilliyi olan şəxsin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib./gun.az

7News.Az

Xəbər lenti