8 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə Naxçıvan Dövlət Universitetində Gənclərin Süni İntellekt Forumu keçirilib.
Ölkəmizdə rəqəmsal texnologiyalar və süni intellekt sahəsinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, bu məqsədlə Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilmişdir. Strategiyada süni intellekt sahəsində ixtisaslı kadr potensialının gücləndirilməsi və bu istiqamətdə bilik və bacarıqların artırılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən forumun əsas məqsədi gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması, süni intellektin inkişafının peşələrə və karyera seçimlərinə təsirinin müzakirə olunması, eləcə də gənclərin dəyişən əmək bazarının tələblərinə hazırlığının gücləndirilməsidir.
Tədbirin açılış hissəsində Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən və süni intellekt sahəsində gənclər üçün yaradılan imkanlardan bəhs ediblər.
Daha sonra "Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib. Panel sessiyasında Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov, "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktoru Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Siyasəti şöbəsinin müdiri Vüsal Süleymanlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov spiker qismində iştirak ediblər. Müzakirə zamanı süni intellektin inkişafı ilə dəyişən peşələr, əmək bazarındakı yeniliklər və gənclərin bu sahədə karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin forum çərçivəsində Milli Süni İntellekt Mərkəzinin Marketinq mütəxəssisi Qismət Abdulla tərəfindən "Agentic AI” və onun real həyatda tətbiqi” mövzusunda vörkşop keçirilib. Vörkşop zamanı iştirakçılara süni intellektin tətbiq imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfədir ki, keçirilən Gənclərin Süni İntellekt Forumu gəncləri, ekspertləri və müxtəlif sahələrin peşəkarlarını bir araya gətirərək süni intellekt və müasir texnologiyaların inkişafı ilə bağlı fikir mübadiləsi üçün geniş imkan yaradır.













