Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən həyata keçirilən "Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası Layihəsi” çərçivəsində təşkil olunan üçgünlük təlim proqramı 20 noyabr 2026-cı il tarixində uğurla başa çatıb.
18–20 noyabr 2026-cı il tarixlərində Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Müasir Təlim Mərkəzində keçirilən təlim proqramının əsas məqsədi region gənclərinin rəqəmsal iqtisadiyyat haqqında biliklərini artırmaq, onların müasir rəqəmsal bacarıqlara yiyələnməsinə dəstək olmaq, sahibkarlıq potensialını inkişaf etdirmək və innovativ düşüncə tərzini formalaşdırmaq olub.
Təlim proqramının açılışında Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzinin müdiri dos. İlqar Kubışov iştirakçıları salamlayaraq regionlarda rəqəmsal transformasiyanın və gənclərin bu prosesə cəlb olunmasının əhəmiyyətindən danışıb.
Daha sonra layihə rəhbəri Günay Həsənli çıxış edərək Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsəd və vəzifələri, region gəncləri üçün yaratdığı imkanlar, eləcə də rəqəmsallaşmanın gələcək perspektivləri barədə məlumat verib.
Üç gün davam edən təlim proqramı yerli və beynəlxalq statuslu təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb. Təlim müddətində iştirakçılara e-ticarət, data analitika, süni intellekt alətləri, rəqəmsal platformalardan səmərəli istifadə, sahibkarlıq və innovativ biznes yanaşmaları istiqamətində nəzəri və praktiki biliklər təqdim olunub.
Proqram çərçivəsində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə, Riyaziyyat - İnformatika, Filologiya və Xarici Dillər fakültələrinin tələbələri iştirak ediblər. Təlimlər gənclərin rəqəmsal iqtisadiyyatda mövcud imkanları tanımasına, yeni bilik və bacarıqlar əldə etməsinə, həmçinin gələcəkdə öz biznes ideyalarını reallaşdırmaq üçün ilkin biliklər qazanmasına şərait yaradıb.
Layihənin üçüncü günündə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kəmalə Məmmədli də iştirakçılar qarşısında çıxış edərək region gənclərinin iqtisadi fəallığının artırılmasında rəqəmsal bacarıqların və sahibkarlıq təşəbbüslərinin rolunu vurğulayıb.
Üçgünlük təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Təlim müddətində fəallığı və seçilmiş meyarlar əsasında fərqlənən 10 gəncə isə motivasiyanın artırılması və sahibkarlıq bacarıqlarının inkişafına töhfə məqsədilə masaüstü biznes oyunları hədiyyə edilib.
Qeyd edək ki, "Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası Layihəsi” region gənclərinin rəqəmsal iqtisadiyyata inteqrasiyasını təşviq etmək, onların məşğulluq və özünüməşğulluq imkanlarını genişləndirmək, eləcə də gəncləri iş axtaran deyil, yeni ideyalar və təşəbbüslər əsasında iş yerləri yaradan fərdlərə çevirmək məqsədi daşıyır.
Layihə gənclərə rəqəmsal gələcəyin yalnız bir hissəsi olmağı deyil, həmin gələcəyi öz təşəbbüsləri ilə formalaşdırmağı hədəfləyir!












