25 oktyabr 2017-ci il tarixdə – "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi "Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.
Fitzonaidman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb. Qeyri-kommersiya və sosial xarakter daşıyan layihənin əsas məqsədi gəncləri sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik və vətənpərvərlik ruhundatərbiyəsidir.
Tədbiri giriş sözü ilə açan "IVY GROUP” şirkətinin təsisçisi Tamerlan Vahabov qeyd edib ki, fitzona konsepti dünyanın bütün böyük şəhərlərində uğurla tətbiq olunur: Fitzonalar dünyanın əksər müasir şəhərlərinin tərkib hissələrinə çeviriliblər. Bu gün Nyu-York, London, Sidney, Tokio və başqa şəhərlərdə onlarla fitzonalar fəaliyyət göstərir və bu gündən etibarən qeyd olunan şəhərlər sırasında Bakını və Xəzərin ən qədim limanı olan Bakı Limanının adını sadalaya bilərik.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov aparıcı limanları hər zaman ən son texnoloji yeniliklər, inkişaf və müasir menecment alətlərinin geniş tətbiq olunduğu məkan kimi xarakterizə etdi: "Şəhərin ən gözəl yerlərindən birində sosial layihə olan, brendə çevrilmiş fitzonanın Bakı Limanında fəaliyyətə başlaması bizim üçün sevindirici haldır. Bu gün açılışını etdiyimiz və dənizkənarı bulvarın yanında yerləşən fitzona Bakı şəhərinin sakinləri və qonaqları üçün ən rahat məkan olacaq.”
Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin idmana olan diqqət və qaygısından danışaraq, yeniyetmə və gənclərin sağlam həyat tərzi üçün, zərərli vərdişlərdən uzaq olmaları üçün yeni yaradılan fitzonanın əhəmiyyətli olduğunu bildirdi.








