Avropada və ABŞ-də H5N1 quş qripinin yayılması ilə bağlı narahatlıq artır. Niderland hökuməti yoluxma riskinə görə ölkə üzrə ev quşlarının qapalı və ya qorunan ərazilərdə saxlanılmasını tələb edib.
Niderlandın Kənd Təsərrüfatı naziri Silvio Erkens xəstəliyin yayılma riskinin yüksək olduğunu bəyan edərək, həm fermerləri, həm də təsərrüfatları qorumaq məqsədilə ümumölkə karantin tələbinin tətbiq edildiyini bildirib.
ABŞ-nin İllinoys ştatında yerləşən "Rose Acre Farms" təsərrüfatında da epidemiya qeydə alınıb. Burada 934 mindən çox toyuq yoluxub, virusun yayılmasının qarşısını almaq üçün təxminən 1 milyon quş məhv edilib.
2022-ci ilin fevralından bəri ABŞ-də quş qripi səbəbindən 210 milyondan çox quş tələf olub və ya məhv edilib. Virusun yayılması yumurta və quş əti qiymətlərinin artmasına da səbəb ola bilər.








