RU
Paşinyan öndədir, amma seçki pozuntuları da sual doğurur
00:22
29

Paşinyan öndədir, amma seçki pozuntuları da sual doğurur

Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri Nikol Paşinyanın hakim komandası üçün üstün nəticə ilə başa çatmağa yaxın görünür.

"Civic News”un yaydığı exit-poll nəticələrinə görə, Paşinyanın "Vətəndaş müqaviləsi” partiyası səslərin 56,7 faizini, Samvel Karapetyanın "Güclü Ermənistan” partiyası isə 17,5 faizini toplayıb.

Qaynarinfo xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə 1 milyon 476 min 597 nəfər iştirak edib. Bu, seçicilərin 58,97 faizi deməkdir. Ölkədə səsvermə hüququ olanların ümumi sayı 2 milyon 503 min 976 nəfərdir.

Seçki təkcə nəticələrə görə deyil, kampaniya və səsvermə günü qeydə alınan pozuntu iddialarına görə də diqqət çəkib. Ermənistan Antikorrupsiya Komitəsi "Güclü Ermənistan”la əlaqəli olduğu bildirilən bir neçə səsalma işi üzrə saxlanılmalar barədə məlumat yayıb. Armenpress-in məlumatına görə, Yerevanın Avan rayonunda partiya ofisində axtarış aparılıb, Armavir və digər bölgələrdə seçki rüşvəti iddiaları ilə bağlı həbslər olub. 

Ermənistan mediası yazır ki, səsvermə günü də pozuntular qeydə alınıb. İddialar arasında seçicilərə pul təklif edilməsi, ikiqat səsvermə cəhdi, məntəqələrdə təzyiq halları və seçki prosesinə müdaxilə cəhdləri var. "Azatutyun” isə seçkiyə qədər onlarla müxalifət tərəfdarının saxlanıldığını, hakimiyyətin bunu səsalma və qanunsuz təsir mexanizmləri ilə əsaslandırdığını bildirib. 

Ermənistan mətbuatıında gedən xəbərlərin monitorinqi zamanı, "Güclü Ermənistan” ətrafında səsalma ittihamları, ofis axtarışları və saxlanılmalar barədə çoxsaylı materiallar qeydə alınıb.

Bu seçkilər Ermənistanın Rusiya ilə Qərb arasında siyasi istiqamət seçimi kimi təqdim olunur. AP, "The Guardian” və "Le Monde” seçkini Paşinyanın Qərbə yaxınlaşma kursu ilə Moskva yönümlü müxalifət arasında mübarizə kimi qiymətləndirib. 

Məhz bu kontekstdə Avropanın mövqeyi tənqid doğurur. ATƏT/DTİHB, ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçiləri Ermənistandakı seçkini izləyir. Lakin Qərb üçün Paşinyan hökuməti geosiyasi baxımdan əlverişli tərəfdaş sayıldığından, pozuntulara münasibətin nə qədər prinsipial olacağı sual altındadır. ATƏT/DTİHB-in 22 may tarixli aralıq hesabatı seçki mühitini izlədiyini göstərir, amma yekun qiymət yalnız müşahidə missiyalarının son hesabatından sonra bəlli olacaq. 

Əgər Qərb qurumları Ermənistanda səsalma, həbslər və inzibati təzyiq iddialarını yumşaq dillə keçişdirsə, bu, regionda ikili standartlar barədə müzakirələri daha da gücləndirəcək.

Nəticə olaraq, exit-poll Paşinyanın qələbəsini göstərir, seçici fəallığı isə təxminən 59 faizdir. Ancaq seçkinin siyasi legitimliyi yalnız rəqəmlərlə ölçülməyəcək. Əsas sual budur: beynəlxalq müşahidəçilər Ermənistan hakimiyyətinə sərf edən nəticəni yox, real pozuntuları da eyni sərtliklə sənədləşdirəcəklərmi?

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ