RU
Agentlikdən Çindən saxta məhsul gətirən iş admına yeni sifariş: KTN-da nə baş verir?
12:54
24

Agentlikdən Çindən saxta məhsul gətirən iş admına yeni sifariş: KTN-da nə baş verir?

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi üçün "sulfuryl fuluoride” fumiqantının və onun istifadəsi üçün bağlantı setinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 201 701 manatdır. 

Məhərrəm Atakişiyev haqqında açıq mənbələrdə məlumatlar məhduddur. 

Mediada gedən xəbərlərdən aydın olur ki, Məhərrəm Atakişiyev ötən il Çindən saxta məhsul gətirib. Bu faktı təqsdiqləyən rəsmi məlumat da var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı həmin məlumatda qeyd edilir ki, Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq "TİTAN 350 SC” adlı pestisid məhsuluna keçirilən baxış zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Aqrar Xidmətlər Agenliyinin saxta məhsul gətirməkdə ittiham olunan iş adamı ilə satınalma müqaviləsi imzalaması suallar doğurur. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ