Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasından üç il ötür. Universitetin yaradılması işğaldan azad edilmiş ərazilərdə ali təhsilin bərpası, insan kapitalının inkişafı, regionun elmi-intellektual potensialının formalaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində atılan strateji addımlardan biridir.
AZƏRTAC xəbər verir ki, ötən üç ildə müasir akademik mühit formalaşdırılıb, təhsil infrastrukturu genişləndirilib, peşəkar akademik heyət komplektləşdirilib, beynəlxalq əməkdaşlıq, elmi tədqiqat və innovasiya sahələrində mühüm nəticələr əldə edilib. Bu gün Qarabağ Universiteti 9 fakültə, 45 ixtisas, 3 316 tələbə və 450 əməkdaşı ilə ölkənin ali təhsil məkanında mövqeyini möhkəmləndirir.
Tələbə kontingenti və akademik keyfiyyət göstəriciləri
2024-cü ildə universitetə 1 094, 2025-ci ildə 1 026, 2026-cı ildə isə 1 200 tələbə qəbul olunub. 2024-cü ildə 467,41, 2025-ci ildə 455,49 olan orta qəbul balı 2026-cı ildə 500,34 bala yüksəlib. Son bir ildə qeydə alınan 44,85 ballıq artım universitetin yüksək akademik potensiala malik abituriyentlər üçün cəlbediciliyinin gücləndiyini göstərir.
3 316 tələbənin təhsil aldığı universitetdə hazırda 562 tələbə ingilis dilində təhsil alır, 274 tələbə məcburi köçkün statusuna malikdir, 7 nəfər isə müsabiqədənkənar qaydada qəbul olunub.
Azərbaycanın müxtəlif bölgələrindən Xankəndiyə uzanan təhsil yolu

Universitet tələbələrinin 16,10 faizi Bakı, 7,18 faizi Gəncə, 4,37 faizi Bərdə, 4,01 faizi Şəki, 3,92 faizi Mingəçevir, 3,53 faizi Sumqayıt, 3,35 faizi Ağcabədi, 3,26 faizi Ağdam, 3,14 faizi Abşeron, 3,11 faizi isə Şəmkirin payına düşür. Tələbələrin təxminən yarısı ölkənin digər şəhər və rayonlarını təmsil edir. Bu coğrafi müxtəliflik Xankəndidə yeni sosial və akademik mühitin formalaşmasına, şəhərin ictimai-mədəni həyatının canlanmasına töhfə verir.
2027-ci ildə SABAH qrupları üzrə 60 tələbənin – Hüquq ixtisası üzrə 21, Xarici dil müəllimliyi üzrə 14, Maliyyə üzrə 13, Mühasibat üzrə 12 tələbənin məzun olması nəzərdə tutulur.
İnsan kapitalı: əməkdaşların sayı 2,8 dəfə artıb
Universitetin əməkdaşlarının sayı 2024-cü ildə 159, 2025-ci ildə 305, 2026-cı ildə isə 450 nəfər təşkil edib. Professor-müəllim heyətinin sayı üç il ərzində 62-dən 231-ə yüksələrək 3,7 dəfə artıb. İnzibati heyətin sayı 82-dən 181-ə, texniki heyətin sayı isə 15-dən 38-ə çatıb.
Hazırda universitetin dörd fakültəsində yeddi ölkəni – Türkmənistan, ABŞ, Türkiyə, Kanada, Qırğızıstan, İordaniya və Belçikanı təmsil edən 12 xarici müəllim çalışır.
Beynəlxalq əməkdaşlıq və qlobal akademik məkana inteqrasiya

Qarabağ Universiteti yeddi xarici ali təhsil müəssisəsi – İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Əl-Farabi adına Qazaxıstan Milli Universiteti, Daşkənd Dövlət Tibb Universiteti, Səmərqənd Dövlət Universiteti, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və Mirzə Uluqbək adına Özbəkistan Milli Universiteti ilə anlaşma memorandumları imzalayıb. İstanbul Texniki Universiteti ilə mühəndislik ixtisasları üzrə ikili diplom proqramlarının həyata keçirilməsi beynəlmiləlləşmə istiqamətində mühüm addımlardandır.
Hazırda universitetdə Pakistan, İndoneziya, Qazaxıstan və Özbəkistandan olan 11 əcnəbi tələbə təhsil alır.
Müasir təhsil infrastrukturu və genişlənən universitet şəhərciyi
Ötən üç ildə universitetin əsas tədris binası, İncəsənət, Tibb və sağlamlıq elmləri, Biznes və iqtisadiyyat fakültələrinin tədris korpusları, iki tələbə yataqxanası kompleksi istifadəyə verilib. Mühəndislik və Riyaziyyat və informatika fakültələrinin yeni tədris korpuslarının tikintisi davam etdirilir, universitet kitabxanasının və İnnovasiyalar Mərkəzinin təməli qoyulub. Növbəti mərhələdə Təbiət elmləri, Sosial elmlər və Hüquq fakültələrinin tədris korpuslarının, inzibati binanın yaradılması planlaşdırılır.
2024-cü ildə 6 bina və 225 mənzildən, 2025-ci ildə isə 7 bina və 312 mənzildən ibarət tələbə yaşayış kompleksləri istifadəyə verilib. Ümumilikdə 13 bina və 537 mənzili əhatə edən yataqxana infrastrukturu vasitəsilə 3 300-dən çox tələbə yaşayış yeri ilə təmin olunub.
Elmi fəaliyyət: artan tədqiqat və nəşr potensialı
Universitet əməkdaşlarının "Scopus” bazasında indekslənən elmi nəşrlərinin sayı 2024-cü ilin sentyabr-dekabr aylarında 6, 2025-ci ildə 25, 2026-cı il noyabrın 19-dək isə 50 olub. Ümumilikdə 81 elmi nəşr və 242 istinad qeydə alınıb.
2026-cı ildə qeydə alınan nəşrlərin 36-sını məqalələr, 10-unu kitab fəsilləri, ikisini konfrans materialları, birini kitab, birini isə icmal təşkil edir. Cari ildə elmi nəşrlərin sayının əvvəlki illə müqayisədə iki dəfə artması universitetin tədqiqat potensialının gücləndiyini göstərir. 2026-cı ilin aprelində süni intellektdən yaşıl logistikaya qədər müxtəlif istiqamətləri əhatə edən beynəlxalq elmi konfrans, may ayında isə "Süni intellektlə təhsilin yenidən formalaşdırılması” mövzusunda "EDU-con 2026” adlı I tələbə elmi konfransı keçirilib.
Universitet alimlərinin beyin xərçənginin diaqnostikasında süni intellektin tətbiqi istiqamətində apardıqları tədqiqatlar da elmi fəaliyyətin aktual problemlərin həllinə yönəldilməsinin nümunəsidir.
Tələbəyönümlü universitet: üç ildə 400 fəaliyyət
2024–2026-cı illərdə universitetdə tələbə həyatının müxtəlif istiqamətlərini əhatə edən 400 fəaliyyət həyata keçirilib. Olimpiada, hakaton, yarış və idman üzrə 75, yaradıcılıq üzrə 11, tələbə klubları üzrə 110, sosial və mədəni istiqamətlər üzrə 118, könüllülük üzrə 50, təcrübə proqramları üzrə 9, sosial dəstək üzrə 27 fəaliyyət və nəticə qeydə alınıb. Tələbə klublarının sayı üç il ərzində 9-dan 16-ya yüksəlib. Bu fəaliyyətlər tələbələrin peşəkar və sosial bacarıqlarının inkişafına, Xankəndidə dinamik gənclik mühitinin formalaşmasına xidmət edir.

Milli və beynəlxalq yarışlarda qazanılan uğurlar
2025-ci il avqustun 15-də "Enactus Qarabağ” komandası bioloji parçalanan toxum kapsulunun hazırlanmasını nəzərdə tutan "BioCrown” – "CrownPod” layihəsi ilə "Enactus Azərbaycan” Milli Yarışında 24 komanda arasında birinci olub.
Komanda həmin ilin sentyabrında Tailandın paytaxtı Banqkokda 35 ölkədən 1 800-dən çox iştirakçının qatıldığı "Enactus” Dünya Kubokunda Azərbaycanı təmsil edib.
2026-cı ildə universitetin tələbələri "TEKNOFEST” çərçivəsində keçirilən "NSosyal” Sosial İnnovasiya və "Türk Dünyası PUA” – "GÖKTÜRK” yarışlarında üçüncü yerə layiq görülüblər.
"KhanAgro” komandası VI "Rebuild Garabagh” sərgisi çərçivəsində keçirilən Qarabağ Hakatonunda aqrar investisiyalar üçün rəqəmsal portal layihəsi ilə mükafat qazanıb. Tələbələrin müəllifi olduqları "AgriTech Hydro Karabakh” startapı isə aqrar innovasiya sərgisində nümayiş etdirilib.
Universitetin komandası 2026-cı ilin sentyabrında "GİNius 86.600” intellektual oyununda birinci yerə layiq görülüb, noyabrda isə İctimai Televiziyada yayımlanan "Breyn-rinq” yarışının qalibi olaraq ayın finalına yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra Xankəndidə yaradılan Qarabağ Universiteti bu gün ölkəmizin intellektual potensialının gücləndirilməsinə, gələcək nəsillərin yetişdirilməsinə və regionun dayanıqlı inkişafına xidmət edir. Qarabağ Universitetinin üçillik tarixi Azərbaycanın Qarabağda qurduğu gələcəyin elm və təhsillə yazılan yeni səhifəsidir.








