RU
Qırıq xətti keçdi, amma 40 manat cərimələndi: Bu, qanuni qərardır, yoxsa sürücüyə qarşı ədalətsizlik?
13:34
68

Qırıq xətti keçdi, amma 40 manat cərimələndi: Bu, qanuni qərardır, yoxsa sürücüyə qarşı ədalətsizlik?

Bakıda sürücülərdən birinə tətbiq edilən inzibati cərimə mübahisəyə səbəb olub. Belə ki, 28 noyabr 2026-cı il tarixində saat 11:40 radələrində Bakı Beynəlxalq Avtovağzalının qarşısında hərəkətdə olan avtomobilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə yazılıb.

Sürücü isə qərarın əsassız olduğunu bildirərək Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi şikayət ünvanlayıb.

Şikayət ərizəsində qeyd olunur ki, hadisə zamanı avtomobil qırıq nişanlanma xəttini keçərək hərəkət istiqamətini dəyişməyə çalışıb. Lakin avtomobilin sol tərəfində başqa nəqliyyat vasitəsinin olması səbəbindən manevri tamamlamaq mümkün olmayıb. Sürücünün sözlərinə görə, avtomobil bütöv xətti keçməyib və hərəkət zamanı yalnız qırıq nişanlanma xəttindən istifadə edib.

Sürücü Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında” Qanununun 69-cu maddəsinin VII hissəsinin 3-cü bəndinə istinad edərək bildirib ki, 1.5–1.8 üfüqi nişanlanma xətlərini hər iki istiqamətdən kəsməyə icazə verilir.

Onun fikrincə, yalnız qırıq xəttin keçilməsi inzibati məsuliyyət üçün əsas sayıla bilməz və cərimənin tətbiqi zamanı yol nişanlanmasının konkret tələbinin pozulması sübut edilməlidir.

Sürücü şikayətində hadisəyə dair video və foto materialların obyektiv araşdırılmasını, yol nişanlanmasının növünün dəqiqləşdirilməsini və inzibati xəta tərkibi olmadığı təqdirdə qərarın ləğv edilməsini tələb edib.

Burada isə bir sıra suallar yaranır:

Əgər sürücünün iddia etdiyi kimi, avtomobil qırıq nişanlanma xəttini keçibsə, 40 manatlıq cərimə hansı əsasla tətbiq edilib? Yol hərəkəti qaydalarının pozulması ilə bağlı qərarlar qəbul edilərkən videomateriallar kifayət qədər diqqətlə araşdırılırmı? Yoxsa sürücülər bəzən mübahisəli qərarlarla üzləşməli olurlar?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyi də maraq doğurur.

Qeyd: Avtomobilin dövlət qeydiyyat nişanı və sürücünün şəxsi məlumatları məxfilik məqsədilə açıqlanmır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ