RU
Xətai rayonunda istilik biabırçılığı: Sakinlər soyuqdan donur, qazanxana isə yarımçıq vəziyyətdə qalıb!
14:58
64

Xətai rayonunda istilik biabırçılığı: Sakinlər soyuqdan donur, qazanxana isə yarımçıq vəziyyətdə qalıb!


7news.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 49-cu binanın sakinləri istilik problemi ilə üz-üzədir. 

Binanın arxasında yerləşən qazanxananın ərazisində aparılan işlərin yarımçıq saxlanılması və ərazinin bərbad vəziyyətdə qoyulması sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin redaksiyamıza müraciətinə və təqdim etdikləri video görüntülərə əsasən, ərazidə istilik təsərrüfatı ilə bağlı aparılan işlər sanki yarımçıq dayandırılıb. Ərazidəki vəziyyət görülən işlərin keyfiyyəti və məsul qurumların fəaliyyəti ilə bağlı ciddi suallar yaradır.
Ən acınacaqlısı isə odur ki, bu vəziyyətin real nəticələrini həmin binada yaşayan insanlar çəkir. Soyuq havalarda mənzillərdə normal istiliyin olmaması xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar və xəstə sakinlər üçün ciddi problemə çevrilib. İnsanlar öz evlərində üşüyür, istiliklə təmin olunmaq əvəzinə gündəlik həyatlarını soyuq şəraitdə davam etdirməyə məcbur qalırlar.

Sakinlərin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı narazılıqlarını dəfələrlə ifadə etsələr də, problemin aradan qaldırılması istiqamətində nəticəli addımlar atılmır. Vətəndaşların etirazlarının və müraciətlərinin cavabsız qalması isə narazılığı daha da artırır.
Qazanxananın təmiri kimə həvalə olunub və ayrılan vəsait hara xərclənib?

Məsələnin diqqət çəkən tərəflərindən biri də qazanxana ərazisində aparılan işlərin hansı təşkilat və ya podratçı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Sakinlər arasında belə bir ehtimal səsləndirilir ki, qazanxanadakı işlər hansısa özəl şirkətə həvalə edilib, lakin işlər lazımi qaydada tamamlanmadan dayandırılıb. Onlar ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyinə, işlərin niyə yarımçıq saxlanıldığına və buna görə kimin məsuliyyət daşıdığına aydınlıq gətirilməsini tələb edirlər.

Təbii ki, bu iddiaların araşdırılması və təsdiqlənməsi aidiyyəti qurumların üzərinə düşür. Lakin ortada sakinlərin gündəlik həyatına birbaşa təsir edən real problem və cavab gözləyən ciddi suallar var.

Əgər dövlət vəsaiti hesabına iş görülübsə, həmin işin keyfiyyətinə kim nəzarət edib? Podratçı şirkətə ödəniş edilibmi? Edilibsə, hansı əsasla? İşlər niyə başa çatdırılmayıb? Nəzarət və icra üçün məsul şəxslər kimlərdir?

Bunlar cavablandırılmalı olan suallardır.
İnsanlar öz evlərində niyə donmalıdır?

İstilik təminatı sadəcə kommunal xidmət deyil, xüsusilə qış aylarında insanların sağlamlığı və təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir. 

Yaşlıların, uşaqların və xəstə insanların yaşadığı binada bu cür problemin uzanması yolverilməzdir.
Azəristiliktəchizat ASC rəhbərliyi bu vəziyyətə nə vaxta qədər susacaq?

Aidiyyəti qurumdan gözlənilən yalnız formal açıqlama deyil. Sakinlər problemin dərhal aradan qaldırılmasını, qazanxanada görülən işlərin vəziyyətinin araşdırılmasını, məsul şəxslərin müəyyən edilməsini və istilik təminatının normal qaydada bərpa olunmasını istəyirlər.

7news.az olaraq hesab edirik ki, vətəndaşların kommunal problemlərinin bu cür diqqətdən kənarda qalması yolverilməzdir.

Dövlət xidmətinin keyfiyyəti hesabatlarla deyil, insanların evindəki istiliklə ölçülməlidir.
Xətai rayonu, Gəncə prospekti, 49-cu binanın sakinləri cavab gözləyir.

Görəsən, Azəristiliktəchizat rəhbərliyi bu görüntülərdən sonra nəhayət hərəkətə keçəcəkmi?

7NEWS.az
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ