RU
Salyanda yenə ara qarışdı:
09:54
68

Salyanda yenə ara qarışdı: "Aqro Park" İŞÇİLƏRİNDƏN PREZİDENTƏ VƏ BAŞ PROKURORA MÜRACİƏT

Məcnun Məmmədovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyəti sadə insanların həyatını alt-üst edib. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yenə rayonun "başını buraxıb" 

General Ceyhun Həsənovun adı hallanan aqroparkda işçilər çıxılmaz vəziyyətdə olduqlarını bildirirlər!

7NEWS.az xəbər verir ki, Salyan Aqroparkda çalışan işçilərin üzləşdiyi ağır sosial vəziyyətlə bağlı redaksiyaya ciddi məlumat daxil olub.

İşçilərin iddiasına görə, onlar artıq 13 aydır əməkhaqlarını ala bilmirlər. Ailələrinin dolanışığını təmin etməkdə çətinlik çəkən, aylarla zəhmətlərinin qarşılığını gözləyən insanlar bildirirlər ki, vəziyyət dözülməz həddə çatıb.

İşçilər ölkə Prezidenti İlham Əliyevə və Baş prokurora rəsmi şikayət ünvanlayaraq kömək istəyiblər.

Onların müraciətində səsləndirdikləri fikirlər vəziyyətin nə qədər ağır olduğunu göstərir:
"13 aydır maaş ala bilmirik. Çıxılmaz vəziyyətdəyik, acından ölürük. Ailələrimizi dolandıra bilmirik. Bizim də övladlarımız, ailələrimiz var. Bu qədər müddət işləyib zəhmətimizin qarşılığını almamaq hansı ədalətə sığır?"

Bu iddialar təsdiqlənərsə, söhbət artıq adi əmək mübahisəsindən deyil, insanların fundamental əmək hüquqlarının uzun müddət pozulmasından gedir.
Məcnun Məmmədovun diqqətindən kənarda qalan aqrar problemi?

Burada əsas suallardan biri Kənd Təsərrüfatı Nazirliyinin və nazir Məcnun Məmmədovun məsuliyyəti ilə bağlıdır.

Dövlətin aqrar sektorun inkişafına, regionlarda məşğulluğun artırılmasına və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə dəstək verdiyi bir vaxtda, böyük aqrar layihə kimi təqdim olunan müəssisədə işçilərin 13 ay maaş ala bilməməsi ciddi suallar doğurur.

Məcnun Məmmədovun rəhbərlik etdiyi nazirlik bu iddiaların araşdırılması, əmək hüquqlarının qorunması və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində hansı addımları atıb?

Yoxsa 13 aydır maaş gözləyən insanların taleyi heç kimin marağında deyil?
Salyan Rayon İcra Hakimiyyəti hara baxır?
Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun da mövqeyi maraq doğurur.

Rayon ərazisində fəaliyyət göstərən müəssisənin işçilərinin 13 aydır əməkhaqqı ala bilmədiklərini bildirməsi, ailələrin ağır sosial vəziyyətə düşməsi yerli icra hakimiyyətinin də diqqətindən kənarda qalmamalıdır.

Rüstəm Xəlilovun rəhbərlik etdiyi qurum bu problemdən nə dərəcədə məlumatlıdır? İşçilərin müraciətləri araşdırılıbmı? Onların sosial vəziyyətinin yaxşılaşdırılması və aidiyyəti qurumların müdaxiləsinin təmin edilməsi üçün hansı addımlar atılıb?

Rayon rəhbərliyinin belə ciddi sosial problem qarşısında susqun qalması ilə bağlı suallar cavablandırılmalıdır.
General Ceyhun Həsənovun adı niyə gündəmə gəlir?

Salyan Aqroparkın fəaliyyəti və ətrafında yaranan məsələlər ictimai maraq doğurduğundan, müəssisənin idarəçiliyi, faktiki qərarvericiləri və mümkün himayə əlaqələri də aydınlaşdırılmalıdır.
General Ceyhun Həsənovun müəssisəyə münasibətdə hər hansı himayədarlıq və ya idarəetmə rolunun olub-olmaması da aidiyyəti şəxslərin mövqeyi əsasında dəqiqləşdirilməlidir.
Baş prokurorluq araşdırma aparmalıdır!
13 ay əməkhaqqının verilməməsi ilə bağlı iddialar hüquqi qiymət almalıdır. İşçilərin əmək müqavilələri, əməkhaqqı hesablamaları, müəssisənin maliyyə vəziyyəti və ödənişlərin həyata keçirilməməsinin səbəbləri araşdırılmalıdır.

Prezidentə və Baş prokurora müraciət edən insanların şikayəti cavabsız qalmamalıdır.
Suallar konkretdir: Salyan Aqroparkın rəhbərliyi işçilərin 13 aylıq əməkhaqqını nə vaxt ödəyəcək?
Məcnun Məmmədov bu vəziyyətlə bağlı hansı addımları atacaq? Rüstəm Xəlilov rayon rəhbəri kimi məsələyə münasibət bildirəcəkmi? General Ceyhun Həsənovun müəssisə ilə bağlılığı barədə iddialara münasibəti nədir?

13 ay işləyib maaş almayan insanlara daha nə qədər gözləmək lazımdır?

7NEWS.az məsələni diqqətdə saxlayacaq. Salyan Aqroparkın rəhbərliyinin, general Ceyhun Həsənovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun və Salyan Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, yazıda göstərilən əməkhaqqı ilə bağlı məlumatlar işçilərin redaksiyaya çatdırdığı video şikayətlərə əsaslanır. İddiaların rəsmi araşdırılması və hüquqi qiymətləndirilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.
 
 


7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ