RU
Rektor: Region universitetlərinin rəqəmsal inkişafdakı rolu artır
16:19
41

Rektor: Region universitetlərinin rəqəmsal inkişafdakı rolu artır

"Region universitetləri ölkənin rəqəmsal təhlükəsizlik gündəliyində daha fəal iştirak etməlidir”.

Bu fikirləri "Azərbaycan müəllimi”nə açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov V "Cyber Summer School 2026”nın Mingəçevirdə keçirilməsinin əhəmiyyətindən danışarkən bildirib.

Rektor qeyd edib ki, müasir dövrdə kibertəhlükəsizlik ali təhsilin, rəqəmsal transformasiyanın və milli inkişafın ən vacib istiqamətlərindən birinə çevrilib:

"Bu gün dünyada rəsmi statistikaya əsasən, hər 39 saniyədən bir müxtəlif ölkələrdə kiberhücumlar baş verir. Bu hücumlar yalnız informasiya sistemlərinə deyil, həm də qlobal iqtisadiyyata ciddi zərər vurur. Ona görə də kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır”.

Anar Eminov vurğulayıb ki, "Cyber Summer School” layihəsinin ilk dəfə paytaxtdan kənarda, Mingəçevir şəhərində keçirilməsi region universitetlərinin rəqəmsal inkişaf prosesində rolunu daha da artırır:

"Mingəçevir Dövlət Universitetində bu istiqamətdə ardıcıl işlər görülür. Hazırda universitetimizdə informasiya təhlükəsizliyi üzrə 118 tələbə təhsil alır. Eyni zamanda 70-ə yaxın tələbənin iştirakı ilə Kiberklub fəaliyyət göstərir və burada müxtəlif layihələr icra olunur. Sevindirici haldır ki, yeni tədris ilindən etibarən MDU-da informasiya təhlükəsizliyi istiqaməti üzrə ingilisdilli tədris imkanları da genişləndiriləcək”.

Rektor əlavə edib ki, universitet-sənaye-dövlət əməkdaşlığı çərçivəsində həyata keçirilən belə layihələr gənclərin praktiki bacarıqlarının inkişafına, peşəkar mühitə inteqrasiyasına və ölkənin kibertəhlükəsizlik ekosisteminə töhfə verir./"Azərbaycan müəllimi”
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ