Bu gün dövlətlərin gücü təkcə iqtisadi göstəricilərlə yox, eyni zamanda onların texnologiyaya nə qədər sürətlə uyğunlaşması, uyğunlaşa bilməsi ilə ölçülür. Azərbaycan artıq məlum istiqamətdə böyük, əhəmiyyətli addımlar atıb və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sözügüdən sahə hazırda dövlət siyasətinin əsas istiqamət prioritetlərindən birinə çevrilib.
Fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə mühüm qərarlar qəbul olundu: rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid siyasətin tətbiqi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Bunun ardınca isə Prezidentin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə 2026–2028-ci illər üçün Fəaliyyət Planı təsdiqləndi.
Etiraf etməliyəm ki, bu sənədlə tanış olarkən diqqətimi ən çox onun əhatə dairəsi çəkdi. Belə ki, məlum sənəd dövlət idarəçiliyinin optimallaşdırılmasından tutmuş, süni intellekt və kibertəhlükəsizlik sisteminin qurulmasına qədər çox geniş spektri özündə birləşdirir.
İyunun 29-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Şuranın ilk iclası keçirildi və həmin iclasda müzakirə olunan mövzular, aidiyyatlı qurumlara verilən tapşırıqlar bir daha o faktı, o gedişatı təsdiqlədi ki, rəqəmsal inkişaf modelimizin mərkəzində milli maraqların qorunması və insan kapitalının inkişafı dayanır.
Təbii ki, rəqəmsallaşma kibertəhlükəsizlik olmadan mümkün deyil. Ona görə düşünürəm ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması və dövlət informasiya sistemlərinin Hökumət Buluduna köçürülməsi də məlum istiqamətdə atılan ən strateji addımlardan biridir..
Bu gün tam məsuliyyətlə deyə bilərəm: Azərbaycan rəqəmsal inkişafda yeni mərhələyə qədəm qoyub və bu da gələcək Azərbaycanın təhlükəsizliyi və rəqabət qabiliyyəti üçün son dərəcə mühüm əhəmiyyət daşıyır.
Elşən Musayev, Milli Məclisin deputatı.





