RU
lombard
Səlim Müslümov: Müharibə əlilləri və şəhid ailələri üçün 2 bina tikilir
15:42
772

Səlim Müslümov: Müharibə əlilləri və şəhid ailələri üçün 2 bina tikilir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların müraciətlərində əsasən məşğulluğun təmin olunmasına köməklik, dövlət büdcəsi hesabına minik avtomobili və mənzillə, reabilitasiya vasitələri, təmin edilmə, bərpa-müalicəsi, əmək hüquqlarının müdafiəsi və s. məsələlər əksini tapıb. Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə araşdırılaraq konkret tədbirlər görülüb. İş yeri ilə təmin olunmaq istəyən vətəndaşlardan bir çoxuna münasib iş yerlərinə göndərişlər verilib, digərlərinin qısa müddət ərzində yaşadıqları ərazi üzrə məşğulluğunun təmin ediləcəyi bildirilib. Həmçinin müraciətinə əsasən bir nəfər əlilliyi olan şəxsə əlil arabası verilib.

Avtomobil növbəsinə dayanmaq üçün müraciət edən imtiyazlı şəxslərə bununla bağlı olaraq aidiyyəti Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmələri, nəqliyyat vasitəsinə tibbi göstəriş barədə qərar qəbul edildiyi halda növbəyə götürüləcəkləri bildirilib. S.Müslümov Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına minik avtomobili ilə təminatında ciddi irəliləyiş əldə olunduğunu vurğulayıb: “Keçən il və cari ildə həmin şəxslərə 1933 ədəd minik avtomobili verilib və 2014-cü ilə qədər növbəyə dayananlar avtomobillə tam təmin edilməklə, 2014-cü il ərzində növbəyə dayanan 845 nəfər imtiyazlı şəxsdən artıq yarıdan çoxu, yəni 467 nəfəri və ya 55,3 faizi minik avtomobili alıb”.

Mənzil növbəsinə dayanmaq üçün müraciət edən şəxslərə bununla əlaqədar izahatlar verilib, onların aidiyyəti rayon İcra Hakimiyyətləri tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındıqları qeyd olunub. Nazir dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin ölkənin bütün bölgələrində uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Hazırda sakinlərini qəbul etdiyimiz Beyləqan rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 6 ədəd, Kürdəmir rayonunda 8 ədəd, Ucar rayonunda 6 ədəd, İmişli rayonunda 6 ədəd, Füzuli rayonunda 7 ədəd fərdi yaşayış evi, eyni zamanda Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur. Zərdab rayonunda isə bu ayın əvvəllərində 4 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq həmin təbəqələrdən olanların istifadəsinə verilib”.

Qəbul zamanı ayrı-ayrı vətəndaşların bərpa-müalicəsi, sosial təminat növləri ilə təmin olunma, əlilliyinin müəyyən edilməsi və s. məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi tapşırılıb. Müharibə əlilləri və şəhid ailələri onların problemlərinin həlli, xüsusən də yeni mənzillə təmin olunmaları istiqamətində aparılan işlərdən razı qaldıqlarını, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Bir sıra müraciətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid olmadığından müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb./trend

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ