Tailand kralı Maha Vajiralongkornun (X Rama) böyük övladı, şahzadə Phatçara Kittiyapha paytaxt Banqkokda yerləşən Kral Çulalonqkorn Memorial Xəstəxanasında dünyasını dəyişib.
Bu barədə məlumatı kral sarayının dəftərxanası yayıb.
"Tibb personalının mütəmadi və həssas nəzarətinə baxmayaraq, xəstənin vəziyyəti tədricən ağırlaşıb. Nəticədə cümə axşamı yerli vaxtla 19:48-də o, Tailand Qızıl Xaç Cəmiyyətinin Kral Çulalonqkorn Memorial Xəstəxanasında 47 yaşında həyatla vidalaşıb", - deyə açıqlamada qeyd olunub.
Həmçinin vurğulanır ki, şahzadə ürək problemi ilə əlaqədar olaraq 15 dekabr 2022-ci ildən bəri koma vəziyyətində olub və klinikada müalicə alıb.
Xatırladaq ki, Phatçara Kittiyapha 2022-ci ilin dekabrında Naxonratçasima vilayətində təlim keçərkən qəfildən huşunu itirib. Ürək çatışmazlığı diaqnozu ilə hospitalizasiya olunan şahzadə daha sonra Banqkokda yerləşən Kral Çulalonqkorn Memorial Xəstəxanasına köçürülüb.








