Vəkil Anar Qasımlının dayısı Nəbi müəllim vəfat edib.
Bu barədə A.Qasımlı özü məlumat verib.
"Koronavirus daha bir can aldı. Elimizin, obamızın sayılıb-seçilən kişilərindən olan Nəbi dayım bu gün açıqlanacaq statistik rəqəmlərdə sonuncu dəfə sayılacaq, əlbəttə, sözün nitq hissəsi mənasında. Amma onun əziz xatirəsi sevənlərinin qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
Hadisələr çox qısa zamanda cərəyan elədi. 20 iyulda günorta saatlarında mənə zəngbedib koronavirusa yoluxduğunu dedi. Dərhal aidiyyəti qurumlarla təmasa keçdim və operativ şəkildə onu Sumqayıtdakı modul tipli xəstəxanaya yerləşdirdilər. Sağ olsunlar dəyərli həkimlərimiz əllərindən gələni etdilər. Təəssüf ki, artıq gec idi. Hər bir halda həkimlərimizə təşəkkür edir, can üstə olan neçə canları geri qaytara bilmələri uca Allahdan diləyirəm.
Bu postu niyə yazdım? Məqsədim nə ağrı-acımızı paylaşmaqdır, nə də son dönəmlərin kütləvi trendinə kor-koranə qoşulmamışam. Cəmiyyətdə az-çox tanınmağımı və aylardır pandemiyanın daha çox yayılmaması üçün, doğru bildiyim, irili-xırdalı qüsurlarına baxmayaraq, rəsmi dövlət çağırışlarını qoşulduğumu nəzərə alaraq bəzi məqamlara diqqət çəkmək istədim:
1. Artıq "koronavirus yoxdur, bu bir oyundur" tipli yanaşmalar tarix olduğu üçün bu barədə sadəcə bir söz demək istəyirəm: heç kim özünün və başqalarının həyatı ilə oyun oynamasın!
2. Təhlükə bizim düşündüyümüzdən də qat-qat artıqdır. Heç kimə yaxınlarını itirməyi arzulamıram, amma, hətta mən də bunu yaxınımı itirdikdən sonra tam dərk etdim.
3. Bir daha əmin oldum ki, koronavirusla mübarizədə dövlətimiz ilk gündən çox düzgün mövqe seçib və bunu uğurla davam etdirir. Pandemiyanın yeni başladığı dövrdə dövlətimizin kütləvi surətdə Modul tipli xəstəxanaların inşasına başlaması buna əyani misaldır. Dövlətimizə güvənməliyik. Dövlət baba bizi düşünür və doğru qərarlar verir. Qərarların sərtliyi bizdə onların yanlış olması təsəvvürü yaratmamalıdır.
4. Operativ qərargahın verdiyi sərt qərarlar bizim təhlükəsizliyimiz üçündür. Biz pandemiyanın bitməsi barədə rəsmi məlumat verilməyənədək bütün məhdudiyyətlərə istisnasız əməl etməliyik.
5. Çimərliklər açılsın, filan məhdudiyyət götürülsün deməklə, biz alt şüurda özümüzə xoş, firavan həyat arzuladığımızı düşünsək də, əslində öz qəbrimizi qazırıq.
Kimsə mənə iqtisadi problemlərdən, maddi çətinliklərdən danışmasın. Mən uşaqlığı müharibə dövrünə düşmüş, sözün həqiqi mənasında aclıq görmüş, bir tikə quru çörəyə möhtac olmuş, amma bütün çətinliklərə baxmayaraq sağ qalmış, ölməmiş adamam. O vaxtlar tanıdığım insanların da heç biri acından ölmədi. İndi isə, tanıdığım insanlar koronabirusdan ölür” – vəkil qeyd edib.
7News.Az








