Çin alimləri beyin ölümü diaqnozu qoyulmuş pasiyentə donuzun böyrəkləri və qaraciyərinin köçürülməsi əməliyyatını tarixdə birinci dəfə həyata keçiriblər. Bu, eyni zamanda heyvandan insana eyni vaxtda bir neçə orqanın transplantasiyası üzrə ilk təcrübədir.
Bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Cərrahi müdaxilə Quansi Tibb Universitetinin mütəxəssisləri tərəfindən icra olunub. Transplantasiyadan sonra orqanlar 53 yaşlı kişinin bədənində təxminən beş gün fəaliyyət göstərib. Daha sonra pasiyentin ailə üzvlərinin istəyi ilə tədqiqat dayandırılıb.
Alimlərin fikrincə, əməliyyat donuzlardan insanlara ortotopik bütün qaraciyər transplantasiyası və ikitərəfli böyrək transplantasiyasının mümkün olduğunu sübut edir.
İndiyə qədər həkimlər fəsadların yaranması və orqanizmin yad orqanları qəbul etməməsi riskinin yüksək olması səbəbindən yalnız tək bir orqan köçürürdülər.
Tədqiqatçılar bu sahədə gələcək araşdırmalara ehtiyac olduğunu vurğulayıblar. Onlar perspektivdə beyin ölümü keçirmiş digər xəstələr üzərində də oxşar köçürmə əməliyyatları aparmağı planlaşdırırlar.








