Ukrayna ordusunun Rusiyanın Tuapse şəhərinə dron hücumu nəticəsində iki nəfər ölüb.
Bu barədə Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev bildirib.
Onun sözlərinə görə, PUA hücumu nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
Tuapse rayonunda fövqəladə vəziyyət elan edilib. Dron qalıqları 24 şəxsi və altı mənzil binasına, eləcə də iki təhsil müəssisəsinə və bir musiqi məktəbinə ziyan vurub.
Gecə baş verən dron hücumu bölgənin digər sahil şəhərlərinə də təsir edib. Soçidə iki şəxsi evə və bir mənzil binasına düşən PUA hissələr ziyan vurub. Daqomısdakı uşaq bağçası binasına da ziyan dəyib. Ərazi mühasirəyə alınıb və uşaqlar müəssisənin başqa bir binasına yerləşdirilib.
Novorossiyskdə dron qalıqları mülki gəmiyə dəyib və yanğın tez bir zamanda söndürülüb. Bir nəfər yaralanıb, Novorossiyskdəki xəstəxanaya aparılıb.
***
08:29
Ukrayna ordusunun Rusiyanın Tuapse şəhərində yaşayış binalarını vurması nəticəsində 5 və 14 yaşlı iki uşaq ölüb.
Hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Şəhərdə beş fərdi ev və bir yaşayış binasının zərər gördüyü bildirilir. Vurulan PUA-lardan birinin qalıqları dəniz limanının yaxınlığındakı müəssisələrin ərazisinə düşüb.
Anapa, Gelendjik və Soçi səmasında da Ukrayna ordusuna aid PUA-ların göründüyü bildirilir.








