"Associated Press” (AP) və "FRONTLINE”ın birgə jurnalist araşdırması uşaqların internetdə üzləşdiyi təhlükələrin miqyasını ortaya qoyub. Araşdırmaya görə, ABŞ-da hər gün 160-dan çox uşaq maliyyə məqsədli onlayn cinsi şantajın hədəfinə çevrilir. Milli İtkin və İstismar Olunan Uşaqlar Mərkəzinə 2026-cı ilin avqustunadək bu xarakterli 40 mindən çox müraciət daxil olub.
Araşdırmada diqqət çəkən məqamlardan biri sosial şəbəkələrdə adi ünsiyyətlə başlayan münasibətlərin sonradan şantaj və təhdidə çevrilməsidir. Saxta hesablar, şəxsi görüntülərin ələ keçirilməsi və süni intellekt vasitəsilə hazırlanan saxta foto və videolar uşaqlar üçün yeni təhlükələr yaradır.
UNICEF-in araşdırması: Hər 5 uşaqdan biri rəqəmsal istismarla üzləşib
UNICEF-in 2026-cı il sentyabrın 3-də açıqladığı və 21 ölkəni əhatə edən araşdırmaya əsasən, bir il ərzində 12–17 yaşlı təxminən 20 milyon uşaq texnologiya vasitəsilə həyata keçirilən cinsi istismar və zorakılığın ən azı bir forması ilə üzləşib. Araşdırmada belə halların təxminən 60 faizinin Facebook, Instagram, TikTok, Snapchat və WhatsApp kimi geniş istifadə olunan platformalarda baş verdiyi müəyyən edilib. Daha diqqətçəkən məqam isə bu hadisələrin 40 faizindən çoxunun heç kimə bildirilməməsi, 1 faizdən azının isə hüquq-mühafizə orqanlarına çatdırılmasıdır. Bu rəqəmlər göstərir ki, problem təkcə uşaqların internetdə qarşılaşdığı təhlükələrlə deyil, həm də onların qorxudan və ya məlumatsızlıqdan kömək istəyə bilməməsi ilə bağlıdır.
Dünya hansı addımları atır?
Avstraliya 2025-ci il dekabrın 10-dan 16 yaşdan aşağı uşaqların müəyyən sosial şəbəkələrdə hesab sahibi olmasını məhdudlaşdıran mexanizmi tətbiq edib.
Avropa İttifaqı 2026-cı il sentyabrın 17-də EU KIDS Act təşəbbüsünü təqdim edib. Təklifə əsasən, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması, 13–15 yaşlıların isə valideyn nəzarəti altında məhdud funksiyalı hesablardan istifadə etməsi nəzərdə tutulur. Bununla yanaşı, uşaqları platformalarda uzun müddət saxlamağa hesablanmış sonsuz lent, gecə bildirişləri və tanımadıqları şəxslərin əlaqə imkanlarının məhdudlaşdırılması təklif olunur.
Böyük Britaniya daha sərt mexanizmlər hazırlayır
Britaniya hökuməti 2027-ci ilin yazından 16 yaşdan aşağı uşaqların müəyyən sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır. Ölkənin media tənzimləyicisi Ofcom isə yaşın müəyyənləşdirilməsi, zərərli kontentin aşkarlanması və uşaqların intim görüntülərinin yayılmasının qarşısının alınması üçün yeni texnoloji mexanizmlər üzərində işləyir.
İtaliyada texnologiya şirkətləri məhkəməyə verilib
İtaliyada valideyn təşkilatı Meta və TikTok-a qarşı məhkəmə iddiası qaldırıb. İddiada yaş yoxlamasının gücləndirilməsi, manipulyativ alqoritmlərin məhdudlaşdırılması və platformaların uşaqların təhlükəsizliyinə görə məsuliyyətinin artırılması tələb olunur.
ABŞ-da platformaların məsuliyyəti müzakirə olunur
ABŞ-da da sosial şəbəkə şirkətlərinin uşaqların təhlükəsizliyinə görə məsuliyyətinin artırılması istiqamətində hüquqi proseslər diqqət çəkir. Yeniyetmələr üçün yaş yoxlaması, gecə saatlarında istifadə məhdudiyyətləri və platformalarda təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi əsas müzakirə mövzularındandır.
Bəs əsas çıxış yolu nədir?
Mən hesab edirəm ki, uşaqların rəqəmsal təhlükəsizliyini yalnız qadağalarla təmin etmək mümkün deyil. Uşaqları internetdən tamamilə uzaqlaşdırmaq nə real, nə də uzunmüddətli həll yoludur. Onlara saxta profilləri, kibertəzyiqi, onlayn şantajı və süni intellektlə hazırlanmış saxta foto-videoları tanımaq öyrədilməlidir.
Sosial şəbəkə şirkətləri də təhlükəli kontentin aşkarlanmasına, şikayətlərin operativ araşdırılmasına və uşaqların müdafiəsinə görə real məsuliyyət daşımalıdırlar. Burada əsas məsələ yalnız zərərli məlumatların silinməsi deyil, təhlükənin baş vermədən qarşısının alınmasıdır.
Azərbaycan və medianın məsuliyyəti
Azərbaycanda da uşaqların onlayn platformalarda müdafiəsi istiqamətində qanunvericilik səviyyəsində yeni tələblər müəyyənləşdirilib. Bu, rəqəmsal təhlükəsizliyin artıq yalnız texnoloji deyil, həm də hüquqi və ictimai məsuliyyət məsələsinə çevrildiyini
Hesab edirəm ki, media da bu prosesdə fəal iştirak etməlidir. Mətbuat Şurasının Jurnalistlərin Etik Davranış Qaydalarının 3.9-cu bəndi artıq qüvvədə olan etik normadır və jurnalist fəaliyyətində uşaqların hüquqlarının, şəxsi həyatının və mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, son Qurultayda süni intellektin mediada istifadəsi ilə bağlı etik prinsiplərin və əlavə tənzimləyici yanaşmaların müzakirəsi bu sahədə yeni çağırışlara uyğunlaşmağın vacibliyini göstərir.
Bununla yanaşı, məktəblərdə jurnalistlərin, psixoloqların və kibertəhlükəsizlik mütəxəssislərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilməlidir. Uşaqlar internetdə qarşılaşdıqları təhlükələri gizlətməməli, belə hallarda kimə və necə müraciət etməli olduqlarını bilməlidirlər.
Nəticə etibarilə, məqsədimiz uşaqları internetdən uzaqlaşdırmaq deyil, onları rəqəmsal dünyada təhlükələri tanıyan, öz hüquqlarını bilən və özünü müdafiə etməyi bacaran fərdlər kimi yetişdirmək olmalıdır. Uşaqların təhlükəsizliyi qadağalarla yanaşı, bilik, məsuliyyət və maarifləndirmə ilə təmin edilməlidir.
Fərid Şahbazlı
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü








