RU
2 yaşlı uşağa şiddət göstərilib? -
11:20
15

2 yaşlı uşağa şiddət göstərilib? - "Kayu" uşaq bağçasının rəhbərindən açıqlama

"Kayu" Tədris və İnkişaf Mərkəzində azyaşlı uşağa şiddət göstərildiyi iddia olunur.

"Kayu" Tədris və İnkişaf Mərkəzində 2 yaş 2 aylıq uşağa qarşı şiddət göstərilməsi və ona lazımi qayğının göstərilməməsi ilə bağlı iddia irəli sürülüb. Bu barədə Elnur Əliyev adlı vətəndaş sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, övladı mərkəzdən bir neçə dəfə üz, göz, alın və digər nahiyələri göyərmiş vəziyyətdə evə qayıdıb. Valideyn uşağın xəsarətlərinin bağçada baş verdiyini iddia edir. O bildirib ki, sonuncu dəfə uşağının alnında göyərmə və şişkinlik müşahidə edib.

Valideyn həmçinin uşağın uzun müddət dəyişdirilməmiş pamperslə saxlanıldığını iddia edib. Elnur Əliyevin paylaşımında deyilir: "Oğlum "Kayu" uşaq bağçası sayəsində "danışmağa" başladı. İlk sözü də "bolnıy sadik" oldu. Oğlum dil açdı, əli ilə alnını göstərib "bolnıy sadik" dedi. Bilmədim sevinim, yoxsa əsəbiləşim. Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb.

Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat bağçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, xoşunuz gəlmir, çıxarın. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Uşağın gah ayağı, gah əli göyərirdi. 3 ay yayı ora qoymadım. Dünən tətilindən sonra ilk gün yenə "Kayu"ya apardım.

Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı gömgöydür və şişib. Soruşuram ki, bu nədir, ilk gündən yenə uşağın alnı göyərib? "Artıq sizdən şikayət edəcəm" dedim. Və o məşhur sözü dedilər:

"Gedin, hara istəyirsiz, şikayət edin".

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı sidik və nəcis içində saxlayıblar. Zəng edib deyirəm ki, sizi Elm və Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, "Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin".

"Kayu" Tədris və İnkişaf Mərkəzinin rəhbəri Aytən Hüseynova AZXEBER.COM-a açıqlamasında bildirib ki, əks olunan arqumentlərin heç biri həqiqəti əks etdirmir:

"Əks olunan arqumentlərin heç biri həqiqəti əks etdirmir. Valideyn şiddət gördüyü bir yerdən uşağını niyə çıxarmır? Valideyn dirəşib ki, mənim uşağım orada qalmalıdır. Valideyn əlində olan sübutları gətirsin, məhkəmədə görüşəcəyik. Uşağın döyülməsi ilə bağlı açıqlama paylaşacağıq. Ata özü uşağı pilləkənlərdə əlindən buraxıb və nəticədə uşağın bədənində göyərmə olub. Uşaq yıxıla bilər, ağlaya bilər. Hər şey şiddət deyil”.

O qeyd edib ki, bizə atdıqları 2-3 dənə yan nahiyəsindəki göyərmə şəklidir:

"Bizə atdıqları 2-3 dənə yan nahiyəsindəki göyərmə şəklidir. Həmin valideynlər hər şeydən şübhə duyurlar. Biz onlara bildirdik ki, çox xahiş edirik, uşağınızı daha güvəndiyiniz yerə aparın. Siz bizə güvənmirsinizsə, uşağınızı niyə uzaqlaşdırmısınız? Baxçada olan heç bir uşağın valideyni bu şikayətə inanmayacaq”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ