Əlməmməd Nuriyev: "Ayaz Mütəllibov yalan danışır”.
"KQB” cacusları təxribat yaradırdı”.
20 Yanvar faciəsindən 27 il keçir. 1990-ci ilin o müdhiş yanvar gecəsi yaddaşlarda necə qalıb? Hadisə necə baş verdi, kim idi günahkar? "Cümhuriyət” qəzeti 20 Yanvar hadisəsinin fəal iştirakçılarından olmuş, "20 Yanvar Fədailəri Birliyi”nin üzvü, hüquqşünas Əliməmməd Nuriyevlə müsahibəni təqdim edir:
"Elə bildik atılanlar əsl güllə deyil”.
- Əlməmməd bəy, hadisənin fəal iştirakçılardan biri kimi fikirlərinizi bilmək maraqlıdır. Necə oldu ki, yaralandınız?
- İmperiya güclərinə qarşı əsas müqavimət mərkəzi "Şmidt” (indiki "Səttarxan”) adına zavodun Mədəniyyət evində yerləşirdi. Zavod xalq hərəkatının mərkəzlərindən biri hesab olunurdu və işçilərin çoxu hərəkatda fəal idilər. Həmin vaxt Bakı sakinlərinin əksəriyyəti etiraz üçün küçələrə çıxmışdı. Əsas məqsəd hərəkatın mərkəzini ələ keçirib zərərsiz hala gətirmək idi. Sovet ordusunun hücumuna az qalmış etirazçılar fəallaşdılar. Bütün insanlar küçələrdə idi. Keçmiş Çapayev (indiki Təbriz) küçəsində böyük bir izdihamla bir yerdə idik. Yanvarın 19-dan 20-nə keçən gecə saat 1-ə 5 dəqiqə işləmiş indiki "Odlar Yurdu” Universitetinin yanından aşağıya doğru böyük bir silahlı dəstənin gəlməsi haqda məlumatlar aldıq. Onlar Tofiq Bəhramov adına stadiondan çıxaraq gəlirdilər. Biz Təbriz küçəsinin digər tərəfində hündürboylu, maskalı, silahlı şəxslər gördük. Onlar durmadan atəş açırdılar. Elə düşünürdük ki, bu atəş dayandırıcı, qorxutmaq məqsədilə açılır. Yəni, atılanlar əsl güllə deyil. Dəstə ilə aramızdakı məsafə təxminən 15 metr idi. Qəflətən ayağımda ağrı hiss etdim. Geriyə baxanda gördüm ki, məndən bir qədər kənarda başqa bir şəxs uzanıb və qan içindədir. Onda anladım ki, yəqin mənim ayağıma da güllə dəyib. Ayağımdan qan axırdı. Yaxınlıqda olan həmkarlarım məni bir avtomobilə qoyaraq həmin ərazidən uzaqlaşdırdılar. Xəstəxanaya aparmaq istədilər, amma məlum oldu ki, bütün yollar rus tankları ilə bağlıdır və heç kəsə baxmadan hamıya atəş açırlar. 106 nömrəli avtobusun güllələnməsi haqda da məlumat aldıq. Yalnız səhəri gün əməliyyat oluna bildim. 10 gün xəstəxanada yatdım. Çıxandan sonra, bir qədər hərəkət edən kimi ilk işim Şəhidlər Xiyabanına getmək oldu...
"Moskva Azərbaycana qarşı qərəzli mövqe tuturdu”
- Bilirdinizmi ki, atəş açılacaq? Kim təklif etdi ki, geri çəkilməyəsiniz, sonadək müqavimət göstərib, orada dayanasınız?
- Orada qəribə əhval - ruhiyyə hökm sürürdü. Heç kimin geri çəkilmək niyyəti də yox idi. Ümumiyyətlə, bütün Bakıda elə bir küçə, məhəllə yox idi ki, camaat ora toplaşmasın. Əlbəttə ki, hesab etmirdik ki, atəş açıla bilər. Hərgah belə fikirlər istisna olunmurdu. Sovetlər Birliyinin bəzi respublikalarında buna bənzər hadisələr olmuşdu, yəni əhaliyə güllə atılmışdı. Amma Azərbaycanda qurban gedən şəhidlərin sayı qədər o respublikalarda insan ölümü yox idi. Bu məsələdə ikili münasibət var idi. Əksəriyyət hesab edirdi ki, əhaliyə qarşı silah istifadə olunmaz. Digər qism isə hesab edirdi ki, əhaliyə güllə atıla bilər. Bu birbaşa Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı idi. İnsanlar fərqli iradə nümayiş etdirirdi. Mən onu müşahidə etdim ki, insanlarda nəyin bahasına olur-olsun, Milli Azadlıq Hərəkatının qarşısını ala biləcək istənilən maneəyə qarşı dayanmaq istəyi vardı. O zaman Azərbaycan xalqını bu amal birləşdirirdi. Ondan əvvəl də,1988-ci ildə tələbə hərəkatında və ondan sonrakı proseslərin fəal iştirakçısı kimi, hətta silahın işlədilməsi ilə bağlı plan olsa belə deyərdim ki, bundan geri çəkilmək fikrimiz yox idi. Silahın işlədilib-işlədilməməsi həmin gün üçün əhəmiyyət kəsb etmirdi. İnanmırdıq ki, ordu xalqa qarşı silah qaldırar, güllə atar. SSRİ tarixindəki hadisələr sübut edib ki, o zaman ordu heç də xalqın ordusu olmayıb. Sovet rəhbərliyi, başda Qorbaçov olmaqla Azərbaycana münasibətdə çox qərəzli mövqe tuturdu. O dövr üçün Azərbaycan Kommunist Partiyasının rəhbərliyinin bacarıqsızlığı, siyasi iradəsizliyi, qeyri-ardıcıl hərəkətləri, cəmiyyətdən gələn mesajları görməməsi, xalqla birgə olmaması həmin faciənin baş verməsinə şərait yaratdı. Çox təəssüf ki, bizim rəhbərlərimizin kölə düşüncəsi, xalqı ilə birgə ola bilməməsi Sovet ordusu tərəfindən o miqyasda silahların tətbiq edilməsinə gətirib çıxardı və biz şəhidlər verdik. Bu isə Azərbaycanın müstəqilliyi ilə nəticələndi. Azərbaycan xalqı bir daha göstərdi ki, müstəqilliyin əldə olunması üçün hər hansı maneə ola bilməz və lazım olanda şəhid verməyi də bacarır. Şəhid olmaqdan çəkinməyən xalqın qarşısında durmaq qeyri-mümkündür.
”Müqaviməti xalq özü təşkil etmişdi”.
- Məlumatlar yayılırdı ki, o hadisələrdə idarəolunmaz situasiya yaranmışdı. Gecə ordu şəhərə daxil olanda vəziyyətə nəzarət edən vardımı, yoxsa...
- Mənim müşahidəmə görə, xalq özü bu prosesləri təşkil etmişdi. Bunun üçün hansısa xüsusi təşkilatlanmış bir struktura da ehtiyac yox idi. Xalq hərəkatında iştirak edən insanlara diqqətlə qulaq asırdılar. Onların dediyi fikirlər qəbul edilirdi və bu mənada hərəkət olurdu. Mən deməzdim ki, orada hər şey xaotik idi. Əlbəttə ki, kütləvilik var idi. Kütləvilik olan yerdə hər şey nizam-intizamlı ola bilməz. Eyni zamanda gələn qərarları, tapşırıqları, söylənilən fikirləri də xalq diqqətlə dinləyirdi. Əslində başqa bir yerdə - ordunu Bakıya göndərən şəxslərin fəaliyyətində bir xaotiklik var idi. Azərbaycana göndərilən müxtəlif qüvvələrin içərisində ermənilər də vardı, qəddarlığı ilə seçilən xüsusi qruplar da vardı. Kütləvi şəkildə hara gəldi, kimə gəldi atəş açırdılar. Ordunun məqsədi kütləviliyin aradan qaldırılması deyil, Azərbaycanı qorxutmaq və SSRİ-nin ömrünü uzatmaq idi. Eləcə də, digər ölkələrdə ehtiva olunan müqavimətin qarşısını almaq idi. Azərbaycan xalqına dərs verməklə digər respublikalara güc göstərmək və bütövlükdə xalq hərəkatlarının qarşısını almaq idi. Hesab edirdilər ki, bu xalqın iradəsini qırmaq mümkündür. Amma nəticə o zamanki Sövet rejimi üçün daha dəhşətli oldu. 20 Yanvar həm də bütövlükdə Sovetlərin çökməsinin ən mühüm səbəblərindən biri oldu. Bu hadisə əslində Sovet rejiminin və onun rəhbərliyinin çürük olduğunu göstərdi. Bizim soydaşlarımız, qardaşlarımız bu prosesdə şəhid oldu. Bütün bunlara baxmayaraq bu hadisə Azərbaycanın müstəqilliyinin əsas şərti oldu. Nəinki Azərbaycan, digər Sovetlər Birliyinə daxil olan respublikalarının da müstəqilliyinin əldə edilməsinin əsl səbəbi 20 Yanvar oldu.
"Xalq hərəkatının silahlı qrupları, xalqın silahı yox idi”.
- Belə bir iddialar var ki, Sovet ordusu əsgərlərinə güllə atılıb...
- Bu, yanlış informasiyadır, o zamankı Sovet agentləri tərəfindən yayılan məlumatlardır. Hadisələrin mərkəzində olan bir şəxs kimi deyirəm ki, hər hansı bir silaha malik olmamışıq. Sadəcə, təxribatçı qüvvələr var idi. "KQB”-nin cacusları təxribat yaradırdı. Ancaq bunun xalq hərəkatına, Milli Müdafiə Şurasına da heç bir aidiyyəti yoxdur. Orada iştirak edən qüvvələrə qarşı hər hansı atəş açılmayıb. Biz onlara yalnız dinc etiraz ediridik. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki ətrafımda minlərlə insan vardı. Bundan əlavə müxtəlif yerlərə də gedirdik. On minlərlə, yüz minlərlə insanda mən hər hansı bir silah görməmişəm. Əslində bu yanlış yanaşmadır və xalq hərəkatını gözdən salmağa yönələn bir məlumatdır. Azərbaycan qanına əli bulaşmış Mixail Qorbaçov da deyirdi ki, bizə, orduya atəş açılırdı. Hansı atəşdən söhbət gedirdi?
"Azərbaycan SSR rəhbərliyi qətiyyət göstərə bilmədi”
- Ayaz Mütəllibov açıqlamasında bildirib ki, faciədə o zamanki Azərbaycan rəhbərliyinin günahı olmayıb. Hadisəni Xalq Cəbhəsi və Moskvadan gələn nümayəndələr törədib. Əsl günahkarlar kimdir?
- Ayaz Mütəllibov yalan danışır. Mütəllibov o zaman Azərbaycan rəhbərliyində olmuş şəxslərdən biri idi. Onunla bağlı rəsmi sənədlər də var. Sovet İttifaqı Kommunist Partiyası və Mixail Qorbaçov həmin sənədləri ortaya çıxarmışdı. Azərbaycan Kommunist Partiyası və hökuməti adından müraciətlər olmuşdu. Əlbəttə ki, burada birbaşa məsuliyyət daşıyan başda Qorbaçov olmaqla Sovet rejimi, SSRİ-nin digər hərbi rəhbərləri idi. İkinci tərəfdən onlara şərait yaradan Azərbaycan Kommunist Partiyasının və Azərbaycan SSR hökumətinin rəhbərləri idi. Onların içərisində Ayaz Mütəllibov da var.
Birmənalı olaraq demək istəyirəm ki, Azərbaycan Sovet rəhbərliyi xalqın müdafiəsi üçün bir qətiyyət göstərə bilmədi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Nazirlər Soveti və digər qurumlar heç bir hərəkət etmədi. Onların bir çoxları mərkəzdən gəlmiş adamlarla birgə çalışdılar. Sonrakı dövrlərdə də o göründü. Azərbaycan xalqı seçki istəyirdi, niyə mane oldular? Azərbaycanda seçkilərə hazırlıq başlanırdı və şübhəsiz ki, bu seçkilərdə xalq hərəkatı qalib gələcəkdi. O dövrün Azərbaycan hakimiyyəti iradəsizlik nümayiş etdirdilər. Qaçıb gizlənmişdilər. Onlar xalqın qarşısına çıxdılarmı? Həmin vaxt Mütəllibov xalqın qarşısına çıxa bildimi? Görünür, o,prosesləri indiyədək dərk etməyib və günahı özümüzdə axtarmaq sindromundan qurtulmayıb.
"Hadisələrə beynəlxalq hüquqi qiymət verilmədi”.
- Necə düşünürsüz, 20 Yanvar hadisəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verildimi?
- Yox, verilmədi. Oxşar hadisələr daha kiçik miqyasda - Litvada, Tbilisidə baş vermişdi. Amma o şəhərlərdə baş verən hadisələrdə adekvat qiymətləndirmə oldu. Sovet qoçunlarının Azərbaycan xalqını qətlə yetirməsinə isə beynəlxalq qiymət verilmədi. Təəssüf ki, o zaman da, indi də bu xalqın azadlıq mübarizəsinə doğru-düzgün qiymət verilmir. İndi də Dağlıq Qarabağ münaqişəsinə dünyada ədalətsiz yanaşmalar mövcuddur. Bu, Azərbaycan xalqına qarşı bir qətliamdır və cinayət hadisəsidir. Bununla belə qiymətləndirilmədi. İnsanları tanklarla əzmək, evində güllələmək böyük vəhşilikdir. Bu hadisə 1968-ci il Çexiya və ya 1956-cı il Macarıstanda baş verənlərə bənzər bir hadisədir. //cebhe.info
7News.az








