Bakıda özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əli-zadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şərəf Əli-zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, ki, Şərəf Əli-zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına, Məmmədovu yüksək məvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə İsmayıl Məmmədova ümumilikdə 302 894 manat maddi ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.








