Coğrafiya İnstitutu Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev vəfat edib.
7News.Az Publika.az-a istinadən xəbər verir ki, tanınmış alim qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Zabit Sabir oğlu Allahverdiyev 1959-cu il, dekabrın 1-də Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, 1987-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun «Riyazi modelləşdirmə» laboratoriyasında mühəndis aparıcı-konstruktor vəzifəsində, 1995-2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrində çalışıb.
1999-2003-cü illərdə «Okeanologiya» ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2004-cü ildə «Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsullarla tədqiqi» mövzusu üzrə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi, 2017-ci ildə isə dosent elmi adını almışdır. 5 elmi mövzunun, 40-dan artıq elmi məqalənin və dörd kitabın müəllifidir.
2002-2014-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda «Xəzər dənizinin hidrometeoroloji problemləri» laboratoriyasının müdiri vəzifəsində işləyib.
2014-cü ildən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi, 2016-cı ildən "Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin müdiri vəzifəsində çalışıb.
Dekabrın 1-də onun 60 illik yubileyini qeyd edəcəkdi.
Allah rəhmət eləsin.
7News.Az








