RU
Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş
16:23
79

Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş

Abşeron Rayon İcra Hakimiyyəti rayonda abadlıq işləri ilə bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Proqress İnşaat En” MMC seçilib. Abadlıq işlərinə 353 643,29 manata xərclənəcək. 

Abşeron Rayon İcra Hakimiyyəti ötən il də rayon abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender keçirib. Həmin tenderin də qalibi "Proqress İnşaat En" MMColub. Tərəflər arasındakı satınalma müqaviləsinin maliyyə dəyəri isə 1 316 607,1 manat təşkil edib. 

Beləliklə, aydın olur ki, ötən il Abşeronda abadlıq işlərinə 1,3 milyon manat xərcləyən icra hakimiyyəti cari ildə də abadlıq işlərinə ehtiyac duyub. Bu zərurətin səbəbi aydın deyil. Əgər abadlıq işlərinin keyfiyyətində problem varsa, o zaman layihə niyə yenidən eyni şirkətə tapşırılıb? Yox əgər abadlıq işləri lazimi səviyyədə həyata keçirilbsə, növbəti tenderə niyə ehtyac yaranıb?
 

Başqa bir qaranlıq məqam "Proqress İnşaat En” MMC ilə bağlıdır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Proqres İnşaat En” MMC vaxtaşırı Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərini qalibi seçilir. Bu tenderlər əsasən abadlıq və təmir işləri ilə əlaqədar keçirilib. 

Ötən il "Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətindən 2 760 240,05 manatlıq sifariş alıb. Bu vəsait Abşeronda abadlıq işlərinə və yollarına təmirinə ayrılıb. 

Bundan başqa, şirkət ötən il Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyinin də keçirdiyi tenderin qalibi seçilib. Həmin tender Xırdalanda yolların təmiri ilə bağlı keçirilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 479 841,21 manat olub. 
Yeri gəlmişkən, şirkət hətta Abşeron Rayon İcra Hakimiyyətinin bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi müsabiqənin də qalibi seçilib.  
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin milyonluq tenderlərinin qalibi seçilən "Proqress İnşaat En” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə internet səhifəsinə rast gəlinir. 

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat En” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur. 
Mediada gedən məlumatlara görə, "Proqress İnşaat En” MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. İddialara görə, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir. Bəlkə də bu səbəbdən "Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətinin sevimli şirkətinə çevrilib. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ