RU
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
11:10
30

ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.

Bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər - Qətər və Pakistan Xarici İşlər nazirliklərinin (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, həvəsləndirici irəliləyişlər əldə olunub.

Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb.

"Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb", - bəyanatda qeyd edilib.

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlindiyi diqqətə çatdırılıb.

"Vasitəçi tərəflər yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklər", - Qətər və Pakistan XİN-in birgə bəyanatında bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ