SOCAR-ın "Abşeronneft” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin rəisi Xanhüseyn Gözəlov SOCAR prezidenti Rövşən Nəcəfə müraciət edib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının paylaşdığı müraciətdə idarədə baş verdiyi iddia olunan qanunsuzluqlar, dövlət əmlakının mənimsənilməsi və Xəzər dənizinin ekosisteminin çirkləndirilməsi ilə bağlı ciddi iddialar səsləndirilib.
X. Gözəlovun sözlərinə görə, SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür və nəticədə Xəzər dənizi çirkləndirilir. O, Dübəndi və Şüvəlan sahillərində müşahidə olunan neft çirklənmələrinin də bu proseslə əlaqəli olduğunu iddia edib.
Sahə rəisi istismara yararlı dövlət borularının sənədsiz şəkildə kəsilərək gəmilərlə ərazidən çıxarıldığını əks etdirən videogörüntüləri və neft ləkələrinin fotolarını SOCAR prezidentinə təqdim etdiyini bildirib.
Müraciətdə həmçinin 250 saylı stasionar dəniz özülünün 2026-cı ilin yanvar-fevral aylarında sökülməsi, 11 saylı estakadadakı 8 düymlük istismara yararlı neft xəttinin isə heç bir sənəd və icazə olmadan kəsilərək qara metal kimi aparıldığı iddia olunur.
X. Gözəlov həmçinin qohumbazlıq və korrupsiya faktları barədə məlumat verdikdən sonra təhdid və təzyiqlərlə üzləşdiyini bildirib.
O, SOCAR rəhbərliyindən məsələni araşdırmağı, qanunsuzluqların qarşısının alınmasını və ona qarşı olduğu bildirilən təhdidlərin dayandırılmasını xahiş edib.
Qeyd edək ki, bunlar müraciətdə səsləndirilən iddialardır. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./todaypress
7NEWS.az








