Avropa Komissiyası ABŞ-nin texnologiya nəhəngi "Google" şirkətini Avropa İttifaqının rəqəmsal bazarlarla bağlı qaydalarını pozduğuna görə ümumilikdə 890 milyon avro (təxminən 1 milyard ABŞ dolları) məbləğində cərimələyib.
Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, cərimə şirkətin böyük texnologiya platformalarının bazardakı üstün mövqeyini məhdudlaşdırmağa yönəlmiş Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozması ilə əlaqədardır.
Bununla yanaşı, Komissiya "Google"un sözügedən qanunvericiliyin tələblərinə uyğunlaşmaq istiqamətində son dövrlərdə əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edib. Bu səbəbdən şirkətin hazırkı mərhələdə əlavə cərimələrlə üzləşməsinin gözlənilmədiyi vurğulanıb.
Qeyd edək ki, Avropa Komissiyasının qərarı Avropa İttifaqının böyük texnologiya şirkətlərinin bazarda rəqabəti məhdudlaşdırmasının qarşısını almaq istiqamətində sərt mövqeyini bir daha nümayiş etdirir. Bu addım ABŞ tərəfindən səsləndirilən tənqidlərə və cavab tarifləri ilə bağlı təhdidlərə baxmayaraq atılıb.








