Fevralın 20-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində
(ATM) Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənnindən
qəbul imtahanı keçirilib.
İmtahanda xarici dil və fəlsəfə fənlərindən qəbul imtahanlarında məqbul
qiymət alan 3 iddiaçı iştirak edib. Ali Attestasiya Komissiyasının tövsiyəsi
əsasında Mərkəzin alimləri tərəfindən hazırlanmış imtahan biletlərini
çəkərək suallara hazırlaşan iddiaçılar İmtahan Komissiyası qarşısında
sualları cavablandırıb, həmçinin Komissiya üzvlərinin əlavə suallarına
cavab veriblər. Şəffaf və səmimi atmosferdə keçən imtahanda iddiaçıların
cavabları Komissiya üzvlərini qane edib, yüksək qiymət alan hər 3
iddiaçı Aqrar Tədqiqatlar Mərkəzinin doktoranturasına qəbul olunmuş hesab
edilib.
Cavablar və onların qiymətləndirilməsi protokollaşdırılıb, Komissiya üzvləri
tərəfindən imzalanıb.
Həmçinin, Mərkəzdə Elmlər doktoru proqramı üzrə doktorantura təhsili
üçün 2 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertantura təhsili üçün 4
nəfər müsahibədə iştirak edib. İddiaçılar Komissiya qarşısında özləri haqda
qısa məlumat verib, ixtisas üzrə apardıqları tədqiqat işləri barədə
təqdimatla çıxış ediblər. Komissiya tədqiqat işlərinə və sahəyə aid
sualları cavablandıran iddiaçıların bilik və hazırlıq səviyyələrini məqbul
hesab edib. Bununla da elmlər doktoru adına iddiaçı olan 2 nəfər, fəlsəfə
doktoru adına iddiaçı olan 4 nəfər doktorantura və dissertanturaya qəbul
olunub.
Komissiya sədri və üzvləri doktorant və dissertantları əldə etdikləri nailiyyət
münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, şəffaflığın təmin olunması məqsədilə Mərkəzin direktorunun
təşəbbüsü ilə müsahibənin gedişi "Facebook” sosial şəbəkəsində canlı
yayımlanıb. İmtahanın gedişi zamanı çəkilən videonu və fotoları təqdim edirik:
















