RU
Araz Ağalarov
17:50
38

Araz Ağalarov "Crocus City Hall" hadisəsinə görə sığorta haqqını ala bilmir

Araz Ağalarova məxsus "Crocus Group" şirkəti 2024-cü ildə terror aktı zamanı yanmış "Crocus City Hall" konsert zalının zərərlərini qarşılamaq məqsədilə "Inqosstrax"dan məhkəmə yolu ilə 1.68 milyard rubl (təxminən 36.5 mln. AZN) tələb edir.

Bu barədə "Kommersant"da dərc olunan məqalədə qeyd olunub.

Bildirilib ki, tələb olunan məbləğ xərclərin heç üçdəbirini belə ödəmir, lakin bu vəsaiti almaq da asan olmayacaq. Ehtimal ki, terror aktı riski sığorta müqaviləsinə daxil edilməyib.

İşlərin kartotekasına əsasən, Araz Ağalarovun "Crocus Group" holdinqinin baş şirkəti olan "Crocus International" SC iyulun 7-də Moskva Arbitraj Məhkəməsində "İnqosstrax" PSSC-yə qarşı 1.68 milyard rublun tutulması ilə bağlı iddia qaldırıb. İyulun 10-da iddia icraata qəbul olunub, lakin tələblərin mahiyyəti açıqlanmayıb. İşdə üçüncü tərəf kimi "Crocus Group"un strukturu "Crocus Finance" MMC, "Qazprombank" və PSB bankı çıxış edir. Tərəflər mediaya bu barədə dərhal açıqlama verməyiblər.

Vəkil bürolarından birinin idarəedici tərəfdaşı Vladimir Xantimirov istisna etmir ki, "Crocus Group"un iddiası "Crocus City Hall"un əmlakına görə təzminatın alınması ilə bağlıdır. "İnqosstrax" 38 min kvadratmetr sahəsi olan konsert zalını sığortalayıb.

Xatırladaq ki, 2024-cü ilin martında burada 149 nəfərin həyatına son qoyan terror aktı baş verib. O vaxtdan bəri məkanın fəaliyyəti dayandırılıb və onun gələcək taleyi barədə rəsmi qərar elan olunmayıb. Lakin məhz konsert zalının fəaliyyətinin bərpası nəzərdə tutulmurdu.

2025-ci ildə Araz Ağalarovun oğlu Emin Ağalarov şirkətə terror aktından dəyən zərəri 150-200 milyon dollar həcmində qiymətləndirmişdi. Bunun təxminən 100 milyon dolları analoji obyektin inşası üçün potensial xərclərdir. Ölkənin Baş Prokurorluğun qiymətləndirməsinə görə isə terror aktının vurduğu ümumi zərər 5.7 milyard rubl təşkil edib.

Faciədən sonra "İnqosstrax" rəsmiləri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti "terror aktı" riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib.

2024-cü ildə zərərçəkmişlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırmışdılar. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmaması səbəbindən iddianı rədd etmişdi. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin ən çoxu 1/40-ni qarşılayacağını açıqlamışdı.

V.Xantimirovun sözlərinə görə, tələb olunan 1.68 milyard rubl, böyük ehtimalla, obyektin bərpası üçün lazım olan tam dəyəri əks etdirmir. Başqa bir hüquq şirkətinin korporativ təcrübə rəhbəri Oleq Karkov hesab edir ki, bu rəqəm sığorta limiti, franşizadan sonrakı ödənişin hesablanması, natamam sığorta (sığorta məbləğinin obyektin real dəyərindən aşağı olması) və ya digər amillərlə bağlı ola bilər. Onun fikrincə, tələb olunan məbləğin az olması məhz bu amillə izah edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ