RU
Arazın suyunun azaldılması bizi qırğından qurtardı - ZƏNGİLAN XATİRƏLƏRİ
14:25
690

Arazın suyunun azaldılması bizi qırğından qurtardı - ZƏNGİLAN XATİRƏLƏRİ

Oktyabrın 29-da Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 25 ili tamam olur. 

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü.

Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran, qərbdən Ermənistan ilə həmsərhəddir. 

Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal ediləndə əhalisi 35,6 min nəfər olub. 

Rayon eyniadlı şəhərdən, 1 qəsəbə və 83 kənddən ibarət idi. Burada 14 tibb müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

Rayon ölkəmizdə ərazisindən dörd daimi axarlı çay - Araz, Oxçuçay, Həkəri, Bəsitçay keçən yeganə, unikal bir ərazi vahididir.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 1993-cü ildə 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində əhali döyüşərək şəhid və itki verib. Amma tanklarla dörd tərəfdən rayona edilən hücumun qarşısını almaq mümkün olmayıb.

Zəngilanı xatırlayan insanlar da var. 

Jurnalist Elməddin Muradlı deyir ki, rayon işğal olan zaman 11 yaşı olsa da, hər şeyi xatırlayır:

"Həmin ilin yay ayında bizə xəbərdarlıq edilmişdi ki, rayon işğal olunur, ərazidən çıxaq, amma biz bununla razılaşmadıq. Sentyabrın 1-də dərslərin başlamasına bir neçə gün qalmış bizi məktəbdən güllə, qumbara yığışdırmaq üçün çağırmışdılar. Çünki məktəbimizdə bir batalyon yerləşirdi. Orada silah-sursat qoyub çıxmışdılar. Biz dərs əvəzinə, onları təmizləyirdik.

Oktyabrın əvvəlində döyüşün ağır günləri başlandı. Biz hər gecə top mərmilərinin atıldığını görürdük. Kənddə bütün əlaqə kəsilmişdi, yalnız radio ilə xəbərləri dinləyirdik. Kənddə üç-dörd yaşlı qadın qalmışdı. Onlar da kişilər üçün yemək, çörək bişirirdilər. Evlərin hamısı boş idi. Xarabalığı xatırladan bir mənzərə var idi. Gecələr adamı vahimə basırdı”.

Elməddin Muradlı bildirib ki, oktyabrın 20-dən sonra döyüş başladı: 

"Qubadlının qalan bir neçə kəndi də işğal olunduqdan sonra təhlükə Zəngilana yaxınlaşdı. Biz əvvəlcə başqa bir kəndə yollandıq. Sonra bizi Araz çayının kənarına yığdılar. Çünki yol bağlı idi və bizim çıxacaq yer yox idi. O vaxtı danışıqlar gedirdi ki, İran icazə versə, Arazı keçmək olar. Gecəni çayın qırağında qaldıq. Hava işıqlanan zaman göstəriş verildi ki, ermənilər hücuma keçib, kəndləri dağıdır,  yandıra-yandıra gəlirlər, qaçın. Həmin vaxt İran razılıq verdi və Arazı keçdik. Axşama doğru İmişliyə, növbəti gün Bakıya çatdıq.

Anam, bacım, qardaşım Bakıda idilər. Döyüşlər getdiyi, rayonun mühasirədə olduğu barədə onlara xəbər getmişdi. Bizi öldü bilirdilər. Qarşılarında sağ-salamat görən zaman təəccüb keçirdilər. 25ildir Bakıda yaşayırıq.  Bizdən sonrakı nəsil necə Zəngilanı necə xatırlayacaq bilmirəm. Evdə övladlarıma rayonumuz barədə danışıram, amma təəccüblə baxırlar. Çünki hələ onu dərk etmirlər. Ümid edirəm ki, onları Zəngilanla əyanı tanış edə biləcəm”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü deyir ki, yollar məsafə mahiyyəti daşımır. Həm də, zaman mahiyyəti daşıyır:

"Zəngilana gedən yollar bizi 25 ildir ki,  Zəngilandan uzaqlaşdırıb. Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən Zəngilanın qoruna bilməsi mümkün deyil idi. Ulu öndər Heydər Əliyev  Zəngilanın işğal günlərində İranın rəhbəri ilə danışıqlar apararaq ermənilərin hücumuna məruz qalan əhalinin yeganə çıxış yolu olan İrana keçməsinə razılıq aldı.

Araz çayının suyunun azaldılması üçün ən zəruri tədbirlər görərək zəngilanlıları kütləvi qırğından qurtardı. Yaddaş mücəmməsi qədər insanı heç nə tərpədə bilməz. Bu gün 25 illik yaddaşı vərəqləyirəm. Sanki xatirələrim yenidir. Bu xatirələrdən əskilməyən heç nə yoxdur.  "Axırıncı dəfə Zəngilanda 1993-cü ilin 27 oktyabrında olmuşam. Biz də hamı kimi Zəngilandan Araza pənah gətirərək çıxdıq. Bir gün öncədən bütün zəngilanlılar dəmiryol stansiyasının yerləşdiyi Mincivan qəsəbəsinə toplaşdıq.

Çünki bura həm də İranla sərhəd idi. Hamımız ora yığılmışdıq və bizə demişdilər ki, həyəcan siqnalı veriləcək və siqnal bitən kimi Araz çayı vasitəsilə İran tərəfə keçməyə başlayarsınız. Biz zəngilanlılar həmin həyəcan siqnalından sonra Araz çayına çatmaq üçün neçə kilometrlərlə yol getdik. Sonra İran ərazisindən Bakıya gəldik. Ömrümüzdən sürətli zaman keçdi. Zaman keçsə də Zəngilana olan sevgimiz, xatirələrimiz dəyişmədi”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ