21 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Təhlükəsiz və Dayanıqlı Şəhər və İcmaların Qurulması üzrə Regionlararası Dialoq: Sürətlə Şəhərləşən Qlobal Cənub üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq çərçivəsində İnnovativ Tərəfdaşlıqlar və Həllər” adlı tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev "ASAN xidmət” modelinin dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, vətəndaş məmnuniyyətinin artırılması və ictimai xidmətlərin əlçatanlığının genişləndirilməsi sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edilib ki, ”ASAN xidmət” Cənub-Cənub əməkdaşlığı çərçivəsində innovativ dövlət xidmətləri sahəsində təcrübə mübadiləsinə xüsusi önəm verir.
Paneldə BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Al-Xəttib, BMT-nin Məskunlaşma Proqramının regional direktoru Patrik Kanaqasinqham və digər yüksəkvəzifəli rəsmilər sürətli şəhərləşmə, iqlim çağırışları və artan sosial tələbat fonunda inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində iştirakçılar dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasında dövlət xidmətlərinin rolu, innovativ həllərin təşviqi və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.










