RU
Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
17:31
64

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun, Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Gazi Universiteti, Düzce Universiteti və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin ilə birgə təşkilatçılığı çərçivəsində "Şəhərsalma və Memarlıq İli”nə və 17 May – Ümumdünya Telekommunikasiya Gününə həsr olunmuş "XXI əsrin Rəqəmsal Çağırışları: Süni İntellekt, Kibertəhlükəsizlik, Davamlı Enerji və İnsan Kapitalı” mövzusunda 18-19 may 2026-cı il tarixlərində I Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransın əsas məqsədi Azərbaycan Respublikasında rəqəmsal inkişafın strateji prioritetlərinə uyğun olaraq müasir texnoloji çağırışların elmi əsaslarla təhlili, innovativ həll yollarının müəyyənləşdirilməsi və beynəlxalq elmi əməkdaşlıq platformasının formalaşdırılmasıdır. Tədbir çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, davamlı enerji, "ağıllı şəhər” infrastrukturu və insan kapitalının inkişafı istiqamətində aktual problemlər və yeni yanaşmalar geniş şəkildə müzakirə olunacaq.

Beynəlxalq konfransda Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin alimləri, tədqiqatçıları, doktorantları və sahə üzrə mütəxəssisləri iştirak edərək müxtəlif istiqamətlər üzrə elmi məruzələrlə çıxış edəcəklər. Tədbirin proqramına uyğun olaraq konfrans iki əsas panel üzrə təşkil olunacaq.

Birinci paneldə süni intellekt və rəqəmsal transformasiya kontekstində davamlı enerji həlləri, rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, innovativ texnologiyaların tətbiqi və insan kapitalının formalaşdırılması məsələləri müzakirə ediləcək. İkinci panel isə kibertəhlükəsizlik sahəsində yeni risklər, süni intellekt əsaslı kiberhücumlar, rəqəmsal təhlükəsizlik mexanizmləri və davamlı rəqəmsal inkişaf strategiyalarına həsr olunacaq.

Konfrans çərçivəsində təqdim olunacaq məruzələrdə süni intellekt texnologiyalarının gələcək inkişaf tendensiyaları, virtual və artırılmış reallıq həlləri, enerji sistemlərində innovativ yanaşmalar, "ağıllı şəhər” konsepsiyaları, rəqəmsal idarəetmə modelləri, kibertəhlükəsizlikdə yeni təhdidlər və rəqəmsal bacarıqların inkişafı kimi mühüm mövzular xüsusi diqqət mərkəzində olacaq.

Tədbir Azərbaycan Respublikasında rəqəmsal transformasiya istiqamətində qəbul edilmiş strateji sənədlərin elmi müstəvidə təhlili baxımından da mühüm əhəmiyyət daşıyır. Konfrans çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası və rəqəmsal iqtisadiyyatın inkişafına dair prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Konfransın keçirilməsi universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi, beynəlxalq elmi inteqrasiyanın genişləndirilməsi, innovativ tədqiqat mühitinin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafında elmi potensialın artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ