RU
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt
14:30
23

“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA

Bakı–Sumqayıt yolunda qadın "Bolt” sürücüsü tərəfindən hədələndiyini və zorakılığa məruz qaldığını iddia edir.

Bu barədə Elvira Vəliyeva sosial şəbəkə hesabında video paylaşıb.

Onun sözlərinə görə, hadisə ötən gün saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib. Taksi tapa bilmədiyi üçün "Bolt” tətbiqi üzərindən çatdırılma xidməti sifariş edən qadın sürücüyə avtomobillə özünün gedəcəyini əvvəlcədən bildirib. Sürücü buna etiraz etməyib, lakin ondan sifarişi ləğv etməsini istəyib.

Şikayətçinin iddiasına görə, daha sonra gediş haqqı ilə bağlı mübahisə yaranıb. Sürücü onu hədələyib və avtomobilin qapılarını kilidləyib. Qadın avtomobildən düşməyə çalışarkən sürücünün qəfil hərəkət etməsi nəticəsində yerə yıxılaraq müxtəlif xəsarətlər aldığını bildirib.

Elvira Vəliyeva hadisə ilə bağlı polisə müraciət etdiyini qeyd edib.

Məsələ ilə bağlı "Bolt” şirkətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, "Bolt Send” bağlamaların çatdırılması üçün nəzərdə tutulmuş xidmətdir və sərnişindaşıma və ya taksi xidməti deyil: 

"Bolt Send bağlamaların çatdırılması üçün nəzərdə tutulmuş xidmətdir və sərnişindaşıma və ya taksi xidməti deyil. Müştərilərdən sürücülərdən sərnişin daşımağı xahiş etməmələri və ya bunu gözləməmələri xahiş olunur. Sürücü sifarişin ləğv edilməsini istəyərsə, müştəriyə sifarişi özü ləğv etmək əvəzinə Bolt tətbiqi vasitəsilə Müştəri Dəstəyinə müraciət etməsi tövsiyə olunur. Bu, vəziyyətin sifariş məlumatları əsasında araşdırılmasına imkan verir”.

Qurumdan bildirib ki, iddialar araşdırılır:

"İddialar araşdırılır və təsdiqləndiyi halda, pozuntunun xarakteri və ağırlığı nəzərə alınaraq sürücüyə qarşı müvafiq tədbirlər görülür. Bunlara xəbərdarlıq və ya sürücünün platformaya girişinin müvəqqəti məhdudlaşdırılması, ciddi və ya təkrarlanan hallarda isə platformaya girişinin dayandırılması daxil ola bilər”.

Şirkət vurğulayıb ki, sürücü sifarişi qəbul etdikdən sonra səfəri yerinə yetirməlidir:

"Sürücü sifarişi qəbul etdikdən sonra səfəri yerinə yetirməlidir. Səfəri yerinə yetirə bilmədiyi halda, sifarişi özü tətbiqdə uyğun səbəbi seçərək ləğv etməli və zərurət olduqda Dəstək xidmətinə müraciət etməlidir. Sərnişindən sifarişi ləğv etməsini istəmək düzgün yanaşma deyil”. 

Şahanə Ziyad


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ