Göygöl rayonunda kişi arvadının üstünə benzin tökərək yandırıb.
Hadisə rayonun Topalhəsənli kəndində baş verib.
Kənd sakini, 1986-cı il təvəllüdlü Tufan Məmmədov (soyadı şərtidir) evinin həyətində otbiçən maşınla həyətyanı sahəni təmizləyib. O, işləyib yorulandan sonra həyət yoldaşından içməyə su istəyib. Həyət yoldaşı suyu gec gətirib və nəticədə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Tufan yanında olan, otbiçən üçün aldığı 2 litr benzini arvadının üstünə töküb, ona od vurub. Qadının paltarları əynində alışıb. O, təcili olaraq paltarlarını soyunub və təcili tibbi yardım briqadası çağırıb. Qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər, Tufan saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ərlə arvad arasında barışıq elan olunub. Məhkəmənin hökmü ilə T.Məmmədova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.








