"Azəriqaz” İstehsalat Birliyinin (İB) Lənkəran Regional Qaz İstismar İdarəsi-nin Astaradakı qurumunda fərdi əmək müqaviləsi ilə çalışan işçilərin bəziləri onlara verilən əməkhaqqından narazıdırlar.
Onların deməsinə görə, hər il aldıqları əməkhaqqında azalma baş verir. Fərdi müqavilə ilə işlədiyini bildirən Ramil Sadıqov əməkhaqlarının son illərdə bir neçə dəfə az da olsa azaldığını iddia edir:
"Sonra maaşımız düşdü 244 manata...”
"2016-cı ildən qaz idarəsində fərdi müqavilə ilə işləyirəm. Ötən ildən 250 manat alırdım. Sonra maaşımız düşdü 244 manata, 1-2 aydan sonra düşdü 237 manata. Ona da dözdük. Bu yaxınlarda kartımıza maaş köçürülüb 212 manat. Bank da xidmət haqqı tutur. Bilmək istədik ki, nə üçün maaş bu qədər azdır. Öyrənə bilmədik.”
Azərbaycanda ötən ilin sentyabrından minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb.
R.Sadıqovun sözlərinə görə, fərdi müqavilə ilə işləyənlərin bir çoxu narazıdır:
"Nazir bu pulla yaşaya bilərmi? ”
"Biz bu pulla necə yaşayaq? Bahalaşma da gedir. Cənab Prezident deyir ki, minimum əmək haqqı 250 manatdır. Əgər elədirsə nə üçün bizə 207 manat verirlər ? Su, qaz, işıq pulu verirəm. Bunlardan başqa qidalanmaq, geyinmək var. Bizim səsimizi Prezident eşitsin. Heç olmasa 250 manat versinlər. Evdə işığa, qaza, yeməyə qənaət edirik ki, pulu çatdıra bilək. İstəyirik ki, bizimlə əmək müqaviləsi bağlansın. Nazir bu pulla yaşaya bilərmi?”.
O iş günün də normadan çox olduğunu deyir:
"Ət yadımızdan çıxıb ”
"Bizm iş vaxtımız gün çıxandan, gün batana qədərdir. 567 abonentdir. Tələb edirlər ki, bir gündə abonentləri yenidən yazın. Gəzirik, yazırıq. Ac, sussuz. Bizim işimizdir. Başqa gəlirimiz yoxdur. Haqqını tələb edəndə də işdən çıxartmaqla hədələyirlər. Fəhlənin pulunu yemək olarmı? Prezident yaxşı adamdır. Onun ətrafında olanlar bizim haqqımızı yeyirlər. Arvad-uşaq evdə yemək istəyir. Hər gün kartof yemək olmur. Ət yadımızdan çıxıb.”








