RU
lombard
Atamın hekayəsi...
21:11
1325

Atamın hekayəsi...

Atam iki şeyi sevməzdi: bir yağışı, bir də kortof qızartmasını. Yağış yağanda həmişə ağlayardı, kortofu isə anam bizə atam evdə olmadığı günlərdə qızardardı.

Atam bizi yağ-bal içində böyüdürdü. Hər birimizə bir adla müraciət edərdi. Məni isə üzünü görmədiyi, doğuş üstündə dünyasını dəyişmiş anası Seyidxanımın adını verdiyindən "Anam" deyə çağırardı.

Yağış və kortof qızartması söhbəti uzun illər bizim evin "dərdi" olaraq davam edirdi. Artıq mən böyümüşdüm. Ali məktəbdə oxuyurdum. Tətil günlərinin birində ürəyimə kortof qızartması düşdü. Amma atam evdə olduğundan anam üzümə baxıb susdu... Bu zaman atam öz otağında silahlarını təmizləyirdi. Bu işdə ona kömək etməyi, patron doldurmağı çox sevərdim. Onun yanında oturub kömək edə-edə bir xeyli söhbət etdik. Söhbət əsnasında sözümü "yağış" və "kortof"a yönəltdim. Atamın birdən-birə üzünün ifadəsi dəyişdi. Gözlərimin içinə baxdı:

- Ana, bu mənim uşaqlıq xatirələrimlə bağlıdır. Nəyinə gərəkdir? Bunu bir kimsəyə danışmamışam indiyə qədər.

- Əgər böyük sirr deyilsə, danış, - dedim.

Atam əlindəki silahı yağlaya-yağlaya söhbətinə başladı:

- Yadımda deyil neçə yaşım vardı? Amma Nisə müəllimənin mənə dərs dediyi vaxtlar idi. (Nisə müəllimə qonşuluqda yaşayırdı. İbtidai sinif müəllimim idi.) Bir gün atam, yəni sənin baban, şəhərə iş dalıyca getmişdi. Axşam evə gəlməyəcəkdi. Qonşu uşaqlarla doyunca futbol oynamağın məqamı idi. Mən, uşaqları toplayıb həmişə olduğu kimi "Şamaxı qəbiristanlığında" olan boş meydançada futbol oynayırdım. (Sabirabadda şamaxılıların dəfn olunduğu qəbirstanlıq) Bir xeyli oynamışdıq ki, yavaş-yavaş yağış çiləməyə başladı. Biz yağışa məhəl qoymadan oyuna davam edirdik. Yağış gücləndikcə oyunçular da azalırdı. Uşaqların anaları hərəsi əlində bir şalla gəlib onları bürüyüb aparırdılar. Birdə gözümü açdım ki, meydançada bir mən, bir top, birdə get-gedə güclənən leysan qalıb. Ətrafıma baxdım, daldalanmağa yer axtardım. Gözüm anamın məzarı üstündə qurulmuş dam örtüyünə sataşdı. Qaçıb anamın məzar daşına sığındım. Leysan elə tökürdü ki, burnumu oradan çölə çıxarda bilmirdim. Beləcə, yağış kəsənə kimi anamın məzarı yanında oturdum. Hamının anası kimi mənim də anam məni belə qorudu yağışdan.

Artıq hava qaralmış, itlər hürüşməyə başlamışdı. Mən oradan çıxıb qaça-qaça evə gəldim. Qapını üzümə açan ögey anam:

- Harda veyillənirsən, ay qapılarda qalmış, - dedi.

Mən həm su içində olduğumdan, həm də aclıqdan titrəyirdim. Tez içəri keçib paltarımı dəyişib, yemək istədiyimi bildirdim. Ögey anama "bacı" deyə müraciət edirdim. Bacı:

- Bu vaxt evə gələnə çörək düşmür. Qapılarda boğmalanardın də, evdə yemək yoxdur. Rədd ol, gir yerinə yat, - dedi.

Mən sakitcə yerimə girdim. Ac olduğumdan gözümə yuxu getmirdi. Bir tərəfdən də qonşu otaqdan ögey anamın özü üçün kərə yağında qızartdığı kortofun iyi…

Boğazımı tutan qəhər gözlərimdən sıxılıb çıxaraq bu gün yağan yağış kimi tökülürdü. O yağışdan anam qorudu, bu yağışdan isə başıma çəkdiyim yorğan. O gündən bugünə yağış və kortof qızartmasının iyini qəbul edə bilmirəm. Onlar mənə həmin o acı günümü xatırladır...

Atam sözünü bitirib üzümə baxdı. Mənim göz yaşlarımı görüb, uşaq kimi gülümsədi:

- Ağlama! O vaxt mənim anam yox idi ki... İndi sənin kimi "anam" var. Dur tez kortof qızart, ana - bala yeyək, aaaaanam! Amma yağını bol elə!

Bir neçə ildən sonra atamı itirdim. O, mənə kərə yağında qızarmış kortof iyini öz qoxusu kimi qoyub getdi... Onu nadir halda bişirirəm. Ancaq tək olanda…

 

Xanım Sultanova, BSU-nun dossenti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ