Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb. Yoxlama zamanı sərnişindən 6 ədəd "İphone X 64 GB" markalı mobil telefonlar aşkarlanıb. Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarja Hava Limanında olarkən Azərbaycan Respublikasına gətirilməsi üçün verildiyini bildirib. Şübhə yarandığından Şarja-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan Respublikasının vətəndaşından 25 ədəd, ümumilikdə 31 ədəd "İphone X 64 GB" markalı mobil telefonlar aşkarlanıb. Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.
Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd "İphone X 64 GB" markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Şarja-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az









