RU
Azərbaycanda bu işçilərin maaşı ARTACAQ
17:35
966

Azərbaycanda bu işçilərin maaşı ARTACAQ

Azərbaycanda həkimlərin 62 faizi Bakıda cəmləşib.

7News.az-ın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, 2016-cı ilin sonuna Azərbaycanda 32,5 min həkim olub ki, bunların 20 mini Bakıda cəmləşib.

Qalan 12,5 min həkimin 1,4 mini Sumqayıtın, 1,2 mini isə Gəncənin payına düşüb. Beləliklə, Azərbaycan həkimlərinin 70 faizi əhalinin cəmi 30 faizinin yaşadığı 3 şəhərdə cəmləşib. 2009-cu ildə keçirilmiş son siyahıya almaya görə, Azərbaycanda 9 milyona yaxın adam yaşayır, bunun yalnız 2,6 milyonu bu üç şəhərdə yaşayır. 

Beləliklə, statistika ölkədə həkimlərin qeyri-bərabər paylanmasından xəbər verir. Həm də müxtəlif şəhər və əyalət rayonları arasında kəskin fərq var. Məsələn, 10 min əhaliyə düşən həkim sayı Bakıda 89,7-yə, Sumqayıtda 42,2-yə, Gəncədə isə 36,5-ə bərabərdir. Halbuki, Gədəbəydə bu göstərici 8,3-ə, Sabirabadda 7,5-ə, Lerikdə isə 6,5-ə bərabər olub. Ən aşağı göstərici isə Kəngərli rayonunun payına düşür - 3,5-ə bərabərdir, rayonda 11 həkim var. Ən az həkim sayı isə Sədərək rayonunda qeydə alınıb, rayonda cəmi 6 həkim var.

Yəni 10 min sakinə düşən həkim sayı göstəricisinə görə Bakı ilə Kəngərlinin göstəricisinin arasında 26 dəfə fərq var. Tanınmış həkim, professor Adil Qeybulla İstiPress-ə müsahibəsində bu durumun əhaliyə tibb xidmətində ciddi problem yaratdığını bildirir:

"Bu gün İranın əyalət şəhərlərində tibbi müayinə cihazı ilə təchizat səviyyəsi Azərbaycanın əyalətləri ilə müqayisədə çox aşağıdır. Rayonlarda avadanlıq olsa da, onu işlədən mütəxəssislər yoxdur. Buna görə bəzi rayonların əhalisi xırda problemlər üçün İrana gedir, yaxud Bakıya gəlməli olur”.

Adil Qeybulla regionların həkimlərlə təmini məsələsini ölkə səviyyəsində həll etməyin vacibliyini vurğulayır:

"Elə bir variant tapmaq lazımdır ki, səhiyyə sistemi Türkiyədə olduğu kimi regionların hamısında eyni səviyyədə xidmət göstərə bilsin. Həkimlər rayon və kənd xəstəxanalarında verilən 120-130 manata görə Bakı və Sumqayıtı tərk etmək istəmirlər. Onları regionlara göndərmək üçün ilk öncə yüksək maaş verilməlidir. Rayon və yaxud kənd həkimlərinin əhalidən "dolanması” da mümkün deyil. Əhalidə həkimə verməyə pul yoxdur. Kənd həkimi elə yüksək maaş almalıdır ki, lazım olanda imkansız ailələrə yardım edə bilsin. Ölkə üzrə götürsək, bu, 3-4 min adam olar. Onların vəziyyətini düzəltməyə nə var ki?”.

Bu problemin həllində qonşu ölkələrin təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Məsələn, Rusiyanın Dağıstan bölgəsində kənd yerində işləyən həkim 5 il təyinat yerində işləyəndən sonra dövlətdən ev tikintisi üçün 1 milyon rubl (təxminən 15 min dollar) əvəzsiz vəsait alır. Əyalətdə özü üçün ev tikmiş həkim dolanışığı yaxşı olduqdan sonra şəhərə getmək istəmir.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ